Çeçenistan rəhbəri Ramzan Kadırov Yaxın Şərqdə baş verən müharibə ilə bağlı ilk dəfə açıqlama verib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Çeçenistan rəhbəri bildirib ki, regionda mülki infrastruktura hücumlar və dinc insanların həlak olması qəbuledilməzdir.
Onun sözlərinə görə, münaqişə təkcə iştirakçı tərəflərə deyil, üçüncü ölkələrə və regionun ümumi təhlükəsizliyinə də təsir göstərir.
Kadırov həmçinin qeyd edib ki, ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hücumlar “xain addım”dır və onun fikrincə, bu addımlar bütün İslam dünyasına zərbə vurmaq məqsədi daşıyır.
Kadırov İranın ABŞ hərbi bazalarına hücumlarını isə düşmənə verilən gözlənilən cavab kimi qiymətləndirib.
Bununla yanaşı, o vurğulayıb ki, üçüncü ölkələrin ərazisində yerləşən mülki obyektlərə hücumlar yolverilməzdir. Kadırov bildirib ki, bu cür hadisələr Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri kimi Yaxın Şərq ölkələrinin sakinlərinə də təsir göstərir və region dövlətlərini əlavə təhlükəsizlik tədbirləri görməyə məcbur edir.
Tahir Turan
Globalinfo.az