iran 5

SEPAH-dan sonra İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də ölkəmizi hədələyən bəyanatla çıxış edib. O bildirib ki, Azərbaycandan İrana qarşı hər hansı təhdid olacağı təqdirdə cavab veriləcək. Rəsmi Bakının dəfələrlə belə bir addım atmayacağını bəyan etməsinə rəğmən Tehranın bu mövqeyi sərgiləməsi birmənalı qarşılanmır.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, İrandan Azərbaycana yönələn sərt bəyanatlar, xüsusilə SEPAH rəsmilərinin ritorikası regionda gərginliyin psixoloji və siyasi mərhələyə keçdiyini göstərir:

“Bu tip hədələr əsasən birbaşa genişmiqyaslı müharibədən çox, siyasi təzyiq və çəkindirmə strategiyasının elementi kimi istifadə olunur. Tehran bununla həm daxili auditoriyaya güc nümayiş etdirməyə, həm də Bakı üzərində geosiyasi təsir imkanlarını artırmağa çalışır. Lakin bu ritorika regionda təhlükəli eskalasiya riskini də artırır. İranın sərt bəyanatlarının davam etməsi sərhəddə lokal təxribatların, kiber hücumların və ya qeyri-birbaşa hərbi təzyiq alətlərinin istifadə olunması ehtimalını istisna etmir”.

zuriye qarayeva 900x600 1

Züriyə Qarayeva

Politoloq bildirib ki, əgər növbəti dəfə Azərbaycana qarşı hərbi hücum və ya ciddi təhlükəsizlik təhdidi baş verərsə, Bakının cavabı çoxşaxəli olacaq:

“Bir tərəfdən ölkəmiz beynəlxalq hüquqa əsaslanaraq məsələni diplomatik müstəviyə çıxara, regional və qlobal tərəfdaşları, əsasən Türkiyə və digər strateji tərəfdaşları prosesə cəlb edə bilər. Digər tərəfdən isə ölkənin hərbi doktrinası, son illərdə gücləndirilmiş müdafiə imkanları göstərir ki, Azərbaycan belə hücumlara adekvat və sərt hərbi cavab vermək potensialına malikdir. Bu cavab yalnız taktiki hərbi zərbələrlə məhdudlaşmaya bilər, həm də təhlükəsizlik balansını bərpa etmək üçün daha geniş strateji tədbirləri, yəni sərhəd təhlükəsizliyinin gücləndirilməsi, regional diplomatik koalisiyaların aktivləşdirilməsi və çəkindirmə mexanizmlərinin artırılmasını əhatə edə bilər”.

Ləman İmran
Globalinfo.az

Paylaş: