ABŞ-ın İranda həyata keçirdiyi hərbi əməliyyat Trampın düşündüyü 4–5 həftədən daha uzun davam edə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Şərəf Medallarının təqdimetmə mərasimində çıxışı zamanı bildirib.
Bu, əməliyyat başlayandan sonra onun jurnalistlərə verdiyi ilk açıqlamadır.
“Biz artıq vaxt baxımından proqnozlarımızı xeyli qabaqlamışıq. Əvvəlcə dörd-beş həftə planlaşdırmışdıq, lakin bu müddəti uzatmaq imkanımız var. Biz bunu edəcəyik.”
Tramp qeyd edib ki, İrandakı əməliyyatın məqsədləri aydındır. Bunlara İranın raket potensialının və hərbi-dəniz qüvvələrinin məhv edilməsi, həmçinin Tehranın nüvə silahı əldə etməsinin qarşısının alınması daxildir. ABŞ liderinin sözlərinə görə, İran öz sərhədlərindən kənarda terrorçu qüvvələri silahlandırmağa və maliyyələşdirməyə davam edə bilməz.
Tramp bildirib ki, ABŞ hərbi əməliyyatı lazım olduğu qədər davam etdirməyə hazırdır:
“Nə qədər lazımdırsa, o qədər davam edəcək. Uzaqmənzilli raketlərə və nüvə silahına malik İran Yaxın Şərq və Amerika xalqı üçün dözülməz təhlükəyə çevrilə bilərdi. Hazırda İranda ölkəni kimin idarə etdiyini və gələcəkdə kimin lider seçiləcəyini dəqiq bilmirik. Ancaq Amerika hərbçilərinə yalnız İranın nüvə proqramını deyil, həm də ballistik raket layihələrini dayandırmaq məqsədilə hücum əmri verilib. İranın Avropa ölkələrinə və Amerika hərbi bazalarına çata bilən raketləri var idi və ballistik raketlərin hazırlanması əslində nüvə silahı proqramını ört-basdır etmək məqsədi daşıyırdı”, – deyə Tramp vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az