Livanın “Hizbullah” radikal qruplaşması İsraillə müharibəyə başladığını bəyan edib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Qruplaşmanın bəyanatında vurğulanıb ki, onlar daha əvvəl dəfələrlə addımları cavabsız qoymağın mümkünsüzlüyü barədə xəbərdarlıq ediblər. Endirilən zərbələr “müdafiə tədbiri və qanuni hüquq” adlandırılıb.
Bundan əlavə, “Hizbullah” ötən gecə İsrail ərazisinə pilotsuz uçuş aparatlarının buraxılmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Eyni zamanda, qruplaşma Meron dağındakı hava hərəkətinin idarə edilməsi bazasına və Ramat-David hərbi hava bazasına zərbələr endirdiyini bəyan edib.
Bildirilib ki, səhər saatlarında İsrail Ordusunun Qolan yüksəkliklərindəki bazası raket atəşinə tutulub.
Öz növbəsində, İsrail tərəfi son bir saat ərzində bütün raket atışlarının İran ərazisindən həyata keçirildiyini bəyan edib.
İsrail Müdafiə Ordusunun məlumatına görə, Livandan buraxılmış iki pilotsuz uçuş aparatı ələ keçirilib.
***02.03.2026 22:12
Livanın şiə hərbi-siyasi təşkilatı olan “Hizbullah” İsrailə qarşı müharibə elan etdiyini və döyüşlərə qoşulduğunu bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı açıqlamada qeyd olunub. Bildirilib ki, bu qərar regionda baş verən son hadisələr və xüsusilə İrandakı vəziyyətlə əlaqədar verilib.
Məlumata görə, “Hizbullah” İsrailin şimal sərhədləri istiqamətində hərbi əməliyyatlara başladığını, raket və artilleriya zərbələri endirdiyini açıqlayıb.
İsrail ordusu şimal bölgələrində yaşayan əhaliyə təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edib, bəzi yaşayış məntəqələrində sığınacaqların açıldığı bildirilib. Eyni zamanda, Livanın cənubunda da gərginlik artıb və qarşılıqlı atəş nəticəsində itkilər barədə məlumatlar yayılıb.
Tahir Turan
Globalinfo.az