Hazırda Körfəz ölkələrində müşahidə olunan müharibə şəraitinin turizm bazarına təsiri diqqət mərkəzindədir. Mövcud vəziyyətin Azərbaycana turist axınını artırıb-artırmayacağı sual doğurur.
Azərbaycana turist axını güclənə bilərmi? Bakı bu mümkün prosesə necə hazırlaşmalıdır?
Globalinfo.az-a danışan turizm eksperti Ramin Zamanov deyib ki, Körfəz ölkələrində mövcud vəziyyət müəyyən turist seqmentləri üçün Azərbaycanı alternativ və təhlükəsiz istiqamət kimi önə çıxara bilər:
“Lakin uçuş şəbəkəsində mümkün pozuntular ümumi turist axınına mənfi təsir göstərə bilər. Bu baxımdan həm artım imkanlarını dəyərləndirmək, həm də əməliyyat risklərini nəzarətdə saxlamaq vacibdir. Turist axınının artacağı ehtimalına əsaslanaraq yalnız bir ssenariyə deyil, hər iki mümkün inkişaf variantına hazır olmaq lazımdır. Birincisi, artım ssenarisidir ki, bu zaman Azərbaycan təhlükəsiz alternativ kimi daha çox tələb görür və turist axını yüksəlir. Digəri isə azalma və ya pozuntu ssenarisidir. Burada marşrutlar məhdudlaşır, uçuş bağlantıları çətinləşir və nəticədə axında azalma, yaxud qeyri-müəyyənlik yaranır”.
Ramin Zamanov
Ekspert bildirib ki, Bakı ilk növbədə təhlükəsizlik və sabitlik imicini beynəlxalq platformalarda gücləndirməlidir:
“Hava nəqliyyatı, hotellər və xidmət sektorunda əlavə tələbatı qarşılamaq üçün çevik planlama aparılmalıdır. Eyni zamanda, Körfəz bazarına yönəlik reklam və viza prosedurlarının sadələşdirilməsi kimi addımlar effektiv ola bilər. Potensial artımı fürsətə çevirmək üçün dövlət və özəl sektor arasında koordinasiya gücləndirilməlidir”.
Qeyd edək ki, Ərəb (Fars) körfəzində ümumilikdə 6 dövlət var: Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri.
Ləman İmran
Globalinfo.az