“Vaşinqtonda baş verən insident ətrafında aparılan informasiya kampaniyası Azərbaycana qarşı qərəzli addımların hələ də mövcud olduğunu bir daha göstərir. Ölkəmizlə bağlı məsələlər beynəlxalq informasiya məkanında tez-tez siyasi manipulyasiya predmeti olur. Hadisənin mahiyyəti araşdırılmalı, daha sonra qiymət verilməlidir. Əsas məsələ odur ki, baş verən hadisənin məqsədi üzrə siyasi kontekstə yerləşdirilməsi və təxribat elementləri ilə təqdim olunması açıq şəkildə görünür”.
Bu sözləri Globalinfo.az-a deputat Arzu Nağıyev deyib.
Deputat bildirib ki, Prezidentin Təhlükəsizlik Xidməti bu insident zamanı yüksək peşəkarlıq nümayiş etdirdi:
“Təhlükəsizlik xidməti dövlət başçısının və rəsmi nümayəndə heyətinin mühafizəsini təmin etmək üçün çox çevik və koordinasiyalı fəaliyyət göstərdi. Bu, beynəlxalq standartlara uyğun cavabdır.
Azərbaycan təhlükəsizlik strukturlarının beynəlxalq tədbirlərdə və səfərlərdə necə sistemli və peşəkar çalışdığını gördük. Əsas diqqət çəkən məqamlardan biri budur ki, ABŞ-da erməni lobbisinin fəal simalarından olan senator Frank Pallone və eyni zamanda ANCA təşkilatı bu hadisəni təxribatçı konteksdə yaymağa çalışdı.

Arzu Nağıyev
Bu, yeni yanaşma deyil. Azərbaycanla bağlı hər hansı epizoddan istifadə edərək siyasi kampaniyanın qurulması və bunun üçün “sapı özümüzdən olan baltalardan” vasitəçi kimi istifadə edilməsi halları uzun illərdir müşahidə olunur.
Baş verən hadisə ilə bağlı yayılan bəzi informasiyalar reallığı təhrif edir. Hadisəni əsas kontekstdən çıxarıb ictimai rəyi fərqli istiqamətə yönəldirlər. Halbuki diplomatik praktikada əsas prinsip ciddi faktlara söykənməlidir. Xüsusilə dövlətin suverenliyinə hörmət edilməlidir”.
Turan Rzayev
Globalinfo.az