Azərbaycanda pensiya məbləği artırılsa da, bir çox vətəndaşların fərqli gözləntiləri var. Onlar bildirirlər ki, aldıqları məbləğ gündəlik tələbatlarını qarşılamaq üçün yetərli deyil.
Bəs bir pensiyaçının aylıq gəliri nə qədər olmalıdır ki, normal dolana bilsin? Ümumiyyətlə, pensiyalarda son artım konkret olaraq nə qədərdir?
Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, pensiya məbləği optimal, yəni insanın əsas ehtiyaclarını qarşılayacaq səviyyədə olmalıdır:
“Pensiya məbləği iqtisadiyyatın tarazlığını pozmamalı, həmçinin vətəndaşın istehlak səbətinin tələblərinə cavab verməlidir. İstehlak səbəti dedikdə təkcə qida xərcləri nəzərdə tutulmamalıdır. Buraya kommunal xərclər, dərman təminatı, təhsil, eləcə də insanın normal həyat tərzi üçün vacib olan mədəni-maarif tədbirlərində iştirak da daxildir. Söhbət fövqəladə xərclərdən məsələn, yubiley mərasimləri və ya böyük məbləğ tələb edən xüsusi hallardan getmir. Pensiya ən azı normal istehlak səbətini qarşılamalıdır. Təəssüf ki, bu proses ümumilikdə Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında problemlidir. Məsələn, minimum əməkhaqqı hazırda 400 manat civarındadır və bu, real xərclərə tam cavab vermir. Dünya standartlarını olduğu kimi tətbiq etmək də düzgün olmaz, çünki hər ölkənin özünəməxsus sosial və iqtisadi xüsusiyyətləri var. Bunun üçün müvafiq elmi-tədqiqat institutları hər ay real xərclər səbətini hesablamalı, istehlak olunan məhsullar əsasında indeksləşmə aparmalıdırlar”.
Fuad İbrahimov
İqtisadçı bildirib ki, pensiya və minimum əməkhaqqı ölkə üzrə orta əməkhaqqının ən azı 60-70 faizini təşkil etməlidir:
“Məsələn, ölkədə orta əməkhaqqı 1000 manatdırsa, minimum əməkhaqqı və pensiyalar da təxminən 600-700 manat səviyyəsinə çatdırılmalıdır. Bu istiqamətdə mərhələli şəkildə addımlar atılsa, sosial narazılıqlar da azalacaq. Bu məsələ eyni zamanda işsizlik probleminə də təsir göstərir. Hazırda iş elanları çoxdur, lakin təklif olunan maaşlar real deyil. Vətəndaş 400 manat maaşla işləməyə maraq göstərmir, çünki onun 200 manatı yola və digər xərclərə gedir. Bu məbləğlə ayı tamamlamaq mümkün deyil. Pensiyalarla bağlı sonuncu artım isə əsasən illik inflyasiya səviyyəsinə uyğun indeksləşmə nəticəsində baş verib”.
Zaira Akifqızı
Globalinfo.az