IMG 4744

Cənubi Qafqazda sərhədlər dəyişmir, amma sərhədləri müəyyən edən imperiya məntiqi dağılır. Naxçıvan ətrafında baş verən son proseslər də məhz bunu göstərir. Söhbət xəritənin yenidən çəkilməsindən yox, xəritəni çəkənlərin oyundan çıxmasından gedir.

Bu həqiqət ABŞ-da yayımlanan “Eurasia Daily Monitor” nəşrində politoloq Pol Qobl tərəfindən açıq şəkildə ifadə olunub. Onun yazısında əsas fikir belədir:

“Bu addımlar faktiki olaraq Moskva və Qars müqavilələrini qüvvədən salır, Naxçıvan Muxtar Respublikasının sərhədlərini və statusunu tam şəkildə Bakının ixtiyarına verir”.

Bu cümlə sadəcə hüquqi şərh deyil. Bu, bir əsrlik imperiya konstruksiyasının sonunun elanıdır.

1921-ci il Moskva və Qars müqavilələri Naxçıvanı Azərbaycanın tərkibində saxlayırdı, amma onun taleyinə tam sahib çıxmağa imkan vermirdi. Moskva və Ankara “zəmanətçi” idi. Bu isə əslində suverenlik yox, nəzarət mexanizmi idi. Xüsusən Moskva üçün. Stalin dövründə Zəngəzurun Naxçıvanla Azərbaycanın arasına salınması təsadüf deyildi. Məqsəd Türkiyə ilə Türk dünyası arasında quru əlaqəni kəsmək, Azərbaycanı coğrafi baxımdan parçalamaq idi.

İndi isə Naxçıvan konstitusiyasından bu müqavilələrə istinadın çıxarılması həmin mexanizmin sökülməsi deməkdir. Bu addım Moskvanın hüquqi alətini əlindən alır. Türkiyə üçün isə problem yaratmır. Çünki Ankara artıq öz mövqeyini tarixi sənədlərlə yox, real müttəfiqliklə qoruyur. AzərbaycanTürkiyə münasibətləri zəmanətə ehtiyac duymayan mərhələyə keçib.

Pol Qobl məqaləsində bu prosesi daha geniş kontekstdə qiymətləndirir və Naxçıvanı ABŞ-ın təşviq etdiyi yeni nəqliyyat arxitekturasının əsas hissəsi kimi göstərir:

“Bu konstitusion dəyişiklik gələcəkdə həm status, həm də sərhədlərlə bağlı dəyişikliklər üçün yol açır”.

Burada qorxulu olan sərhəd dəyişikliyi deyil. Qorxulu olan imperiya mərkəzlərinin nəzarət imkanlarını itirməsidir. Məhz buna görə Moskva və Tehran prosesi “təhlükə” kimi təqdim edir. Halbuki faktiki olaraq baş verən Azərbaycan daxilində hüquqi asimmetriyanın aradan qaldırılması, Naxçıvanın “xüsusi nəzarət zonası” statusundan çıxarılmasıdır.

Zəngəzur–Naxçıvan xətti artıq təkcə Azərbaycan üçün deyil, Çin, Avropa İttifaqı və ABŞ üçün də əhəmiyyətli marşruta çevrilir. Bu xətt nə qədər açıq və funksional olarsa, Moskvanın region üzərindəki təsir rıçaqları bir o qədər zəifləyir. Rusiya vəziyyəti anlayır və məhz buna görə narahatdır.

Sözügedən proses bir günün işi deyil. Amma istiqamət aydındır. Cənubi Qafqaz post-imperiya mərhələsinə daxil olur. Zəmanətçilər kənara çəkilir, dövlətlər isə öz məsuliyyətini öz üzərinə götürür. Naxçıvan bu baxımdan periferiyadan mərkəzə doğru hərəkət edir.

Zəngəzur–Naxçıvan xətti yalnız nəqliyyat marşrutu deyil. Bu xətt imperiya sərhədlərinin çəkildiyi dövrün bağlanmasıdır. Moskva zəmanətçi rolunu itirir. Ankara bu rola artıq ehtiyac duymur. Bakı isə öz dövlət məkanını tarixdən qalma hüquqi qandallardan azad edir.

Bu, xəritənin dəyişməsi deyil. Bu, xəritəni dəyişənlərin oyundan çıxmasıdır.

 https://jamestown.org/moscow-and-ankara-to-lose-status-as-guarantors-of-azerbaijans-nakhchivan/?fbclid=IwY2xjawP2e_FleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEec7u0NInT_zIY4ii2WjbFU2UWvA8o08nXe_29P-XuZabVRtrRW_dyKa9sJUI_aem_sNu7neA_7_Hf1pk8XsuJrA

Elbəyi Həsənli
Sürix

Paylaş: