“Ölkədən getməyimlə bağlı yayılan xəbər əsassızdır”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında sabiq deputat Ağacan Abıyev ölkədən getməsi haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib.
O, heç vaxt Azərbaycandan kənarda yaşamadığını vurğulayıb:
“Cavanlıq illərimdə xaricdə yaşamamışamsa, bu yaşdan sonra niyə gedim?! Heç yerə getməmişəm, ölkədəyəm! Çempion, müəllim, hakim olanda da ölkəmdə yaşamışam. Vətənim Azərbaycandır! Araşdıra da bilərsiniz, mən Suraxanı rayonu, Bülbülə kəndində ata evində yaşayıram.
Mənim balalarım, nəvələrim Bakıdadırsa, kənarda nə işim var?! Ömrümdə belə bir şey olmayıb, ola da bilməz! Hansısa yekəbaş özündən yazıb o xəbəri!”
Qeyd edək ki, mediada sabiq deputat Ağacan Abıyevin həbs təhlükəsi ilə üzləşdiyi üçün ölkəni tərk edərək bir il xaricdə yaşadığı və yalnız köhnə əlaqələri vasitəsilə bu maneəni aradan qaldırdıqdan sonra Azərbaycana qayıda bildiyi yazılıb.
Zaira Akifqızı
Globalinfo.az