Ərdəbilin imam cüməsi Həsən Amuli “Səhər TV”də çıxışı zamanı 20 Yanvar faciəsi barədə danışıb.
Globalinfo.az Tribuna.az-a istinadən xəbər verir ki, əyalət mollası bu dəfə həmin faciəyə yeni “ad” qoyub.
Həsən Amuli bildirib ki, 20 Yanvar hadisələri təkcə faciə deyil, eyni zamanda “Dünya Müsəlman Azərbaycanlılarının Birliyi Günü” kimi dəyərləndirilməlidir. Bununla da kifayətlənməyən molla daha irəli gedərək iddia edib ki, həmin günlərdə ABŞ sovet qoşunlarına dəstək verib.
Bu açıqlama istər tarixi faktlar baxımından, istərsə də siyasi məntiq nöqteyi-nəzərindən ciddi suallar doğurur. Sovet qoşunlarının törətdiyi qırğınların həyata keçirilməsində ABŞ-nin SSRİ-yə hansı köməyi dəyə bilərdi ki?
Xatırladaq ki, 1990-cı il hələ “Soyuq müharibə”nin tam bitmədiyi, ABŞ ilə SSRİ-nin bir-birinə geosiyasi rəqib olduğu dövr idi. Vaşinqtonla Moskva arasında hərbi, ideoloji və siyasi qarşıdurma onilliklər boyu davam etmişdi. Belə bir şəraitdə ABŞ-nin sovet ordusunun Bakıda həyata keçirdiyi qanlı əməliyyata hansı formada və hansı mexanizmlə dəstək verməsi mümkündür? Nə arxiv sənədləri, nə beynəlxalq hesabatlar, nə də dövrün diplomatik yazışmaları bu cür bir “dəstəyi” təsdiqləyir.
Əksinə, Qərb ölkələri, o cümlədən ABŞ, 20 Yanvar hadisələrindən sonra insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı Sovet İttifaqına qarşı tənqidi mövqe nümayiş etdirib. Bu faktlar ortadaykən, ABŞ-ni sovet qırğınına ortaq kimi təqdim etmək yalnız siyasi manipulyasiya və məsuliyyəti əsas günahkardan yayındırmaq cəhdi kimi görünür.