İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin cənubunda yerləşən Hörmüzqan vilayətində iğtişaşların təşkilində ittiham olunan 15 nəfəri saxlayıb. Saxlanılanlar ABŞ və İsrail kəşfiyyat xidmətləri ilə əlaqələrdə, eləcə də məscidlərin və İslam dini seminariyalarının yandırılmasında günahlandırılırlar.
Globalinfo.az xəbər verir ki, bu barədə SEPAH-ın yerli bölməsi məlumat yayıb.
Bəyanatda bildirilir ki, saxlanılan şəxslərin fəaliyyəti ABŞ və İsrailin kəşfiyyat strukturları tərəfindən koordinasiya olunub. Onlar məscidlərə qarşı vandalizm aktları, o cümlədən dini təhsil müəssisələrinin binalarının yandırılması, həmçinin hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşlarına və mülki şəxslərə qarşı silahlı hücumlarda ittiham edilirlər.
SEPAH-ın məlumatına görə, saxlanılanlar eyni zamanda İranın dövlət teleradio şirkətinin (İRİB) iki regional ofisinə də hücum ediblər.
Qeyd edək ki, İranda etiraz aksiyaları 2025-ci ilin dekabr ayının sonunda milli valyutanın devalvasiyası fonunda başlayıb. Yanvarın 8-dən etibarən devrilən İran şahının oğlu Rza Pəhləvinin çağırışlarından sonra etirazlar iğtişaşlara çevrilib və İranın siyasi quruluşuna qarşı şüarlarla müşayiət olunub. Həmin gün ölkədə internetin fəaliyyəti də dayandırılıb.
Əliyar Xəlil