Nikolas Maduro və həyat yoldaşı Cilia Floresin ABŞ tərəfindən fiziki nəzarət altında ABŞ-yə aparılması barədə xəbərlər, üstəlik bu hadisənin Tehran və çevrəsində, İranın bir çox şəhərində baş verən qanlı toqquşmalarla eynivaxtlılığı, əlbəttə, düşündürücüdür. Bu hadisə, hələ bir də, amansız Rusiya–Ukrayna savaşının (yeni mərhələsinin) başlanmasının 4-cü ildönümü ərəfəsində və fonunda baş verməkdədir.
Bu tip hadisələr və hadisəni törədən dövlətin Prezidenti tərəfindən duyurulması, öncə maraqlı tərəflərə psixoloji-siyasi “sınaq şarı” ola bilər.
Belə deyək, bu, bir “ABŞ modeli”dir – pisi ilə və əgər varsa, yaxşısı ilə…
Bu model indiki ABŞ hakimiyyətindən öncələrdən mövcuddur və hər zaman eyni formada tətbiq olunmasa da, kritik məqamlarda aktivləşən siyasi alət kimi özünü göstərir. ABŞ həm sanksiya, həm hüquqi dosye, üstəgəl, legitimlik aşındırılması xəttini seçə, həm də bunun dərhal ardından Maduronun başına gətirilən prosesi icra edə bilir.
Bəli, beynəlxalq hüquq işləmir; bəli, güclü olmaq lazımdır – hər bir əməli fəaliyyət sahəsində!..
İndi cəsarət müdrikliklə, müdriklik güc faktoru ilə, o da davamlılıqla tamamlanmasa, işlər yürümür…
“Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq”. Bu dəqiq təsbit Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 31 dekabr 2025-ci il tarixli müraciətindəndir.
***
“ABŞ modeli” Panamada Noriega, Serbiyada Miloşeviç, Liviyada Qəddafinin başına gətirilənlərlə – müxtəlif formalarda – sınanıb.
Maduro üçün də bu model illərdir hazırlanırdı – elə görünmürmü?
Sadəcə icra mərhələsi nə zəlzələdən, nə vəlvələdən, görünür, plan-proqramlı zamanlamadan irəli gələrək, məhz indi həyata keçirildi.
Bu arada, o uzaqlıqda və mövcud halı ilə Rusiya (Ukraynada apardığı müharibə fonunda) Venesuela kimi uzaq “dayaq nöqtə”sini müdafiə etmək gücündə deyil. Bu isə Venesuelanı strateji cəhətdən “tənha” göstərirdi zatən…
İran ilə eynivaxtlılığa gəldikdə isə, bəli, ən maraqlı məqamlardan biri də budur.
İran içəridəki etirazlar, bölgəsəl gərginlik, İsrail–ABŞ təzyiqi altındadır. Və günahkarı dışarıda axtarmaq lüksü olsa da, Tehranın fars-molla rejiminin də heç olmasa, heç olmasa, 51% suç payı yoxdurmu?..
Venesuela da, İran da enerji kartı, anti-ABŞ ritorikası, “alternativ blok” simvolu kimi tanıdılırdı.
Budur, hər iki ölkə eyni anda “zəiflədilmiş” kimi göstərilirsə, bu artıq informasiya cəbhəsində sinxronlaşdırılmış əməliyyat deməkdir.
İki zəngin neft-qaz ölkəsində kontrol uzaq, uzun əllərə keçərsə və sabah-birisi gün qiymətlər kəskin endirilərsə, dirənişi və irəliləyişi neft-qaz gəlirləri ilə şərtlənən Rusiyaya bu təsir etməyəcəkmi?
Əlbəttə, edəcək.
Sanki pərdəarxasında bir “qanunauyğunluq” vardır – bu da simvolları, yaxud simvollaşdırılmış fiqurları sındırmaqdan ibarət görünür.
Beynəlxalq hüququn gücə yenik düşdüyü dünyada geopolitikanın yeni “qaydası” lideri devirməkdən ziyadə, “təslim olmuş obraz”a çevirməkdir.
Maduronun fiziki nəzarət altında, ailəsi ilə birlikdə ABŞ-yə aparılması faktiki olaraq, öz Ali Baş Komandanını qoruya bilməmiş Venesuela ordusu üçün, habelə Latın Amerikasının sol hərəkatları üçün, Kuba və Nikaraqua üçün, İrandakı gerçi rejim üçün açıq ismarıc sayılmazmı?
Necə deyərlər, “zamanın əleyhinə düşməyin cəzası var”…
Biri buna “anarxiya”, digəri yeni “iyerarxiya” adı qoysa, nə dəyişər?.. Olan olmuş bir kərə, daha doğrusu, bir neçə kərə… Sanki post-qlobal iyerarxiyanın qurulması gedir: kim danışa bilər, kim susmalıdır, kim “dirəniş simvolu” ola bilər, kim isə “ibrət örnəyi”…
Belə bir gərgin dünyada:
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI