Son illər Azərbaycan siyasi mühitində və idarə etmə mexanizmlərində fundamental dəyişikliklər baş verir. Artır iri klanların sıradan çıxarılması və oliqarxiyanın zəiflədiləməsi prosesi başlayıb. Bu strateji hədəf, həm ölkənin təhlükəsizlik təhdidlərinə qarşı özünü müdafiə etməsi, həm də idarəetmədə şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Paralel olaraq “Beşinci kolon”un təsir imkanlarının məhdudlaşdırılmasına da şahidlik etməkdəyik. Adnan Əhmədzadənin, Ramiz Mehdiyevin barələrində həbs qərarının verilməsi buna misal ola bilər.
Eyni zamanda gömrük sahəsində aparılan son əməliyyatlar bu genişmiqyaslı strategiyanın iqtisadi əsasını möhkəmləndirir. Gömrük strukturlarında aşkarlanan sistemli pozuntuların il ərzində ifşa edilməsi və qanunsuzluğa yol verənlərin cəzalandırılıması yalnız maliyyə itkilərini önləmək deyil, eyni zamanda qeyri-leqal iqtisadi şəbəkələrin sıradan çıxrılmasıdır. Bu da dövlətin təhlükəsizlik konsepsiyasına aid proses kimi dəyərləndirilir.
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, bu, əslində düşünülmüş bir dövlət siyasətidir:
“Çünki oliqarxların təsir gücünə malik olması sonradan dövlətin korrupsiyaya uğramasına və daha həll edilməz problemlərlə üzləşməsinə gətirib çıxarır. Ona görə də müəyyən klanların və oliqarxların dövlət üzərindəki təsiri azaldılmalıdır ki, dövlət institusional olaraq güclənsin. Çünki şəxslər üzərindən dövlət mexanizmi qurula bilməz. Bu, əsasən dövlət institutları üzərində qurulmalıdır və institutlarda fəaliyyətin mümkün qədər şəffaf olması dövlətə olan etimadın artmasına səbəb olur.
Aparılan tədbirlər yalnız o zaman daha böyük effekt verəcək ki, bunları islahatlar izləsin. İslahatlar deyəndə müəyyən dərəcədə yalnız hansısa bir qurumun ləğv olunması və ya yenisinin yaradılması nəzərdə tutulmur. Məsələn, ali təhsil sistemində universitetlərin muxtariyyətinin artırılması, müstəqilliyinin təmin olunması və daha məhsuldar təhsil verilməsi üçün ciddi addımlar atılmalıdır. Səhiyyə sistemində neqativlər gündən-günə artır və bu, vətəndaşların məmnunluğunu azaldır. Əgər bu vəziyyət davam edərsə, özəl sistemin effektivliyi ortaya çıxacaq. Özəl tibb müəssisələrində qiymətlər olduqca yüksəkdir və bütün bunlar vətəndaşın dövlətə olan münasibətinə təsir edən amillərdir.
Gömrük qurumlarında aparılan islahatlar da önəmlidir. Ölkəyə gələn və çıxan malların düzgün qiymətləndirilməsi sahibkarlığın inkişafını stimullaşdırır. Hər hansı şəkildə bu sahədə qanunsuzluqların qarşısının alınması zəruridir. Demək istədiyim odur ki, bütün bu məsələlər ətrafında açıq müzakirələr aparılmalıdır və ölkədə köklü islahatlar getməlidir. Kiminsə işdən çıxarılması, ifşa edilməsi və ya oyundan kənar vəziyyətə salınması prosesin yaxşı nəticəsi kimi qiymətləndirilə bilməz. Bunu mütləq köklü islahatlar izləməlidir”.
Politoloq Oqtay Qasımov deyib ki, hər bir dövlətin güclü olmasının əsas səbəbləri vardır:
“Dövlətin gücünü təşkil edən onun milli gücü bir çox parametrlərdə özünü göstərir. Bu milli gücü azaldan və dövlətin gücünə zərər verən əsas amillərdən biri rüşvət, korrupsiya və kölgə iqtisadiyyatı anlayışlarıdır. İstənilən dövlətdə bu neqativ hallar geniş yayıldıqda dövlətə ciddi zərər vurur. Eyni zamanda, dövlətin gücünün azalması ilə birlikdə qurumlar ilə vətəndaş arasında ciddi bir uçurum yaranır.
Son dövrlər Azərbaycanda atılan ardıcıl addımlar korrupsiyaya qarşı aparılan mübarizəyə əsaslanır və ölkədə uzun illərdir mövcud olan neqativ halların aradan qaldırılmasını hədəfləyir. 44 günlük müharibədən sonra ölkəmiz yeni bir mərhələyə qədəm qoyub. Dövlət bu yeniliyi dəstəkləyərək öz gücünü artırmalıdır. Bunun üçün dövlətin gücünü əngəlləyən neqativ faktorlar yavaş-yavaş aradan qaldırılmalıdır.
Oqtay Qasımov
Bu baxımdan son dövrlər atılan addımlar uzun illər dövlət hakimiyyət orqanlarında yerləşmiş və talançılıq sistemi əsasında mövcud olmuş gücləri zəiflədir. Dövlətdən oğurlanmış vəsaitlərin geri qaytarılması istiqamətində də addımlar atılır. Hazırda atılan tədbirlər tam yetərli olmasa da, davamlılığın olması müsbət hadisədir.
Əlbəttə, hazırda zəiflədilən klanların mövqeyi var və onlar mümkün qədər prosesi əngəlləməyə çalışacaqlar. Amma əgər siyasi iradə ardıcıl olarsa, bu klanların prosesi sabotaj etməsi çətin olacaq, çünki onların dövlətə qarşı çıxmaq üçün resursları yoxdur. Proses davamlı olarsa və islahatlar istiqamətində addımlar ardıcıl atılsa, bu sahədə ciddi nəticələr əldə etmək mümkündür”.
Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, hər bir dövlət mərkəzi hakimiyyətini gücləndirmək prosesində mühüm mərhələdən keçməlidir:
“Bu, həm dünya siyasətində, həm də siyasət nəzəriyyələrində elmin əsaslandırdığı mühüm prinsiplərdən biridir. Şübhəsiz ki, mərkəzi hakimiyyətin güclü fiqur ətrafında birləşməsi imkan yaratmalıdır ki, zaman çatdıqda administrativ sərt idarə mütləq həyata keçirilsin. Bu, ölkənin daxili siyasətinə müdaxilənin, “Beşinci kolon” fəaliyyətinin və müxtəlif xarici siyasi qüvvələrə bağlı elementlərin pozucu fəaliyyətinin qarşısının alınması mərhələlərini əhatə edir. Əlbəttə ki, bu proses həm sosial, həm siyasi, həm də tarixi mərhələlərdən keçir.
Bütövlükdə klanların zəifləməsi, oliqarxiyanın azalması və paralel olaraq qeyri-leqal qrupların dövlət içindəki strukturlarının çökdürülməsi dövlətin həyata keçirdiyi islahatlarla başlayır.
Əziz Əlibəyli
Hesab edirəm ki, Azərbaycan 2018-ci ilə qədər siyasi baxımdan fərqli bir narrativ üzərində qurulmuşdu. Bu gün baş verən proseslərə baxdıqda isə 2018-ci ildən etibarən islahatlara başlanıldığını görmək olar. Bu ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyində islahatçı kursa keçid baş verdi. Həmin dövrdən dövlət idarəçiliyinə yeni simalar gətirildi, ənənəvi klan strukturlarının təsiri tədricən azaldıldı. 2018–2020-ci illərdə baş verən proseslər siyasi transformasiya mərhələsi idi.
2020-ci ildən sonra kadr islahatları və struktur dəyişiklikləri həyata keçirildi. Xüsusilə yüksək vəzifəli şəxslərin vəzifədən azad olunması və onların yerinə gənc texnokratların təyin edilməsi müşahidə olundu. Nəticədə həmin təyinatlardan sonra şəffaflıq prosesi başladı. Bu proses elektron hökumətin inkişafında da öz əksini tapdı.
2022-ci ildən sonra isə monopoliya ilə mübarizənin gücləndirilməsi paralel olaraq Vergilər Xidmətində və Gömrük Komitəsində aparılan islahatlarla müşahidə edildi. Eyni zamanda qeyri-neft sektorunun inkişafı prezident tərəfindən təşviq edildi ki, oliqarxik strukturların təsiri azaldılsın. Mehdiyev hadisəsindən sonra Adnan Əhmədzadənin həbs olunması da bu prosesin davamı idi.
2023-cü ildən etibarən xüsusilə “Beşinci kolon”un neytrallaşdırılması üçün güclü siyasi iradə göstərildi. Azərbaycan öz suverenliyini təmin etdi və xarici təsirlərin sabitliyi pozmağa çalışan qüvvələrinə qarşı ciddi tədbirlər görüldü. Məsələn, Meydan TV, Toplum TV hadisələri və Bakıda fəaliyyət göstərən “Rusiya evi”nin bağlanması kimi proseslər “Beşinci kolon”un neytrallaşdırılması istiqamətində başlanğıc nümunələridir.
Dünya siyasətində buna “elita transformasiyası” deyilir. Hakimiyyət daxildə apardığı islahatlarla klanlaşmanın qarşısını alır və mərkəziliyi gücləndirir. Bu isə cəmiyyətin maraqlarına uyğun yeni şəxslərin idarəçiliyə gətirilməsinə imkan yaradır”.
Turan Rzayev
Globlainfo.az