metro avtobus

Son günlər sosial şəbəkələrdə maraqlı bir iddia yayılıb. Bildirilir ki, metroda gediş haqqı rəsmi olaraq dəyişməsə də, kartla ödəniş və bonus mexanizmləri hesabına faktiki xərc daha aşağıya düşür. Paylaşımlarda hətta bir gedişin 48 qəpiyə başa gəldiyi bildirilir. Yəni məlumata görə, kartla ödəniş zamanı müəyyən bonus və ya geri qaytarma mexanizmi tətbiq olunur. Bu məbləğ dərhal endirim kimi yox, sonradan istifadə edilə bilən vəsait kimi yığılır. Müəyyən sayda gedişdən sonra pulsuz gediş imkanı da yaranır.

Avtobuslarda da oxşar mexanizmlərin tətbiqi mümkündürmü?

Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, belə addımlar adətən təşviq xarakterli və müvəqqəti kampaniyalar olur:

“Bu cür addımlar əsasən rəqəmsal ödənişlərin təşviqi, bank kartlarından istifadənin artırılması və nağdsız dövriyyənin genişləndirilməsi məqsədi daşıyır. Mövcud tətbiqin uzunmüddətli olub-olmaması maliyyə dayanıqlığı, bankla nəqliyyat qurumları arasında əməkdaşlığın davamlılığı və vətəndaşların bu ödəniş üsulundan kütləvi şəkildə istifadə etməsindən asılıdır. Daimi güzəştlər adətən yüksək maliyyə yükü yaratdığı üçün uzunmüddətli olmur”.

Deputat bildirib ki, dünya təcrübəsində bank kartları və rəqəmsal cüzdanlarla ictimai nəqliyyatda ödəniş üsulu geniş yayılıb:

“London, Paris, İstanbul, Sinqapur kimi şəhərlərdə endirimdən çox, əsas üstünlük nəqliyyat vasitələrində rahatlıq və sürətə verilir. Endirimlər isə daha çox məhdud müddətli kampaniyalar, aylıq limitlər, sosial qruplar üçün güzəştlər və ya bonus-keşbek mexanizmləri formasında tətbiq olunur. Azərbaycanda da bu kampaniya uğurlu olarsa, gələcəkdə daha davamlı, lakin fərqli formatda, məsələn, bonuslu gedişlər, aylıq güzəşt paketləri və ya xüsusi tarif modelləri üzrə tətbiq edilə bilər. Belə təşəbbüslər müvəqqəti olsa da, rəqəmsal ödənişlərin ictimai nəqliyyatda uzunmüddətli sistemə çevrilməsi realdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: