zelenski putin

Fevralın 15-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Diqqətçəkən məqam isə fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında da telefon danışığın olmasıdır.

Maraqlıdır, bu telefon trafikinin siyasi-diplomatik açması nə ola bilər? Ukrayna ilə Rusiya arasında sülhü Azərbaycan yaradır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya bizi strateji tərəfdaş adlandırsa da, rəsmi Moskva ilə bağlı ciddi suallarımız var:

elxansahinoglu 1

“Söhbət Kremlin Xankəndidəki separatçılara verdiyi açıq dəstəkdən gedir. Həm Araik Arutyunyan, həm də Ruben Vardanyanın Moskvaya çağırılması Bakıdan narahatlıqla izlənilir. Putin-Əliyev telefon danışığı zamanı mümkündür ki, bu məsələ müzakirə edilib. Azərbaycan heç bir halda bu separatçıların torpaqlarımızda varlığını qəbul edə bilməz.

O ki qaldı Ukrayna Prezidenti Zelenskinin Prezidentlə telefon danışığına, bu, sırf Ukrayna ilə bağlıdır. Belə ki, Bakı Ukrayna məsələsində Rusiyanı dəstəkləmir. Biz heç bir halda bu məsələdə Moskva ilə bir sırada dayana bilmərik.

Təsadüfi deyil ki, Ukrayna lideri Azərbaycan Prezidentinə ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə təşəkkür edib”.

Politoloq Azərbaycanın Rusiya-Ukrayna müharibəsində vasitəçilik missiyasını dəyərləndirib:

“Rusiya-Ukrayna müharibəsinə bizim təsir imkanımız çox azdır. Bu məsələdə hər hansı vasitəçiliyin işə yarayacağını düşünmürəm. Nəzərə almaq lazımdır ki, başda Türkiyə olmaqla, bir çox ölkə buna cəhd etsə də, nəticə əldə edilmədi”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: