Son illər vətəndaşlar keçmişlə müqayisədə daha tez xəstələndiklərini bildirirlər. Bir vaxtlar yağışa, küləyə, soyuğa dözən nəsillərin yerini indi ani dəyişiklik zamanı belə, qızdırması qalxan, yatağa düşən insanlar tutub.
Bu tendensiyanın arxasında duran səbəblər nədir? İmmunitetin gücləndirilməsi üçün nə edək?
Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, insanların bu cür havalarda tez xəstələnməsinin səbəbi müasir həyat tərzinin immuniteti zəiflətməsidir:
“Stress, yuxu pozğunluğu, oturaq həyat tərzi, düzgün qidalanmama, mikrobiotanın pozulması, D vitamini və digər vitamin-mineral çatışmazlığı bu amili şərtləndirən əsas səbəblərdəndir. Eyni zamanda iqlim dəyişiklikləri, virusların daha sürətli yayılması və antibiotiklərin tez-tez istifadəsi də immuniteti aşağı salır.
İmmuniteti gücləndirmək üçün birinci şərt D vitamininin normada olmasıdır. Həmçinin sağlam qidalanmaq, probiotiklərdən istifadə etmək, gündə minimum 7-8 min addım atmaq lazımdır. Yuxu rejiminə riayət edilməlidir, ən azı 7-8 saat yatmaq vacibdir. Stressi ən aşağı səviyyəyə salmalıyıq. Payış və qışda insan orqanizmində Omega-3, Sink və C vitamini kimi vasitələrə ehtiyac yaranır”.
Terapevt bildirib ki, risk qrupu sayılan şəxslər bu mövsümdə daha diqqətli olmalıdır:
“Uşaqlar, hamilələr, xroniki xəstəliyi və yaşı 60-dan yuxarı olanlar sağlamlıqlarını diqqətdə saxlamalıdır. D vitamini, B12 və dəmir çatışmazlığından əziyyət çəkənlər də xəstəliklə əvvəlcədən mübarizə aparmalıdılar ki, səhhətləri pisləşməsin”.
Ləman İmran
Globalinfo.az