Azərbaycanda gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının 15 manat artırılaraq 300 manat olması nəzərdə tutulur. 2025-ci ildə bu göstəricilər 285 manat səviyyəsində idi. Əksəriyyət sözügedən qərarın qane etmədiyini və bunun ciddi dəyişiklik olmadığını düşünür.
Bu, əhalinin sosial vəziyyətinə real təsir göstərə biləcək?
Globalinfo.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı deyib ki, bu artım ölkədə məhsul və xidmətlərin qiymətindəki bahalaşmaya adekvat deyil:
“Məlumdur ki, yaşayış minimumu və ehtiyac meyarı illik inflyasiya səviyyəsinə uyğun şəkildə indeksasiya olunmalıdır. Lakin faktiki inflyasiya rəsmi rəqəmlərdən 3-4 dəfə yüksəkdir. Hazırda Azərbaycanda real yaşayış minimumu ən azı 500 manat səviyyəsindədir. Son illərdə bütün məhsul və xidmətlərin qiymətində davamlı bahalaşma müşahidə olunur, bu da manatın alıcılıq qabiliyyətinin təxminən 2 dəfə azalması deməkdir. Rəsmi göstəricilərlə 300 manat müəyyənləşdirilən yaşayış minimumu əslində reallığı əks etdirmir. Bu rəqəmi heç olmasa 350-400 manat səviyyəsinə çatdırmaq vacibdir”.
Elçin Bayramlı
Sosioloq bildirib ki, hazırda rəsmi hesablamalara görə, adambaşına 285 manat gəliri olan şəxs yoxsul sayılmır:
“Lakin adambaşına 300-400 manat gəliri olan ailələr belə minimum tələblərini ödəməkdə çətinlik çəkir. Bunun əsas səbəbi kommunal xidmətlərdən tutmuş, nəqliyyat və ərzaq məhsullarına qədər bütün sahələrdə bahalaşmanın davam etməsidir. Yaşayış minimumunun hesablanmasında istifadə edilən göstəricilər gerçəyi əks etdirmir. Minimum istehlak səbətindəki məhsul və xidmətlərin həm həcmi, həm də qiymətləri süni şəkildə aşağı götürülür. Əslində, dünya təcrübəsində bu cür hesablamalar bazar qiymətlərinə və real inflyasiyaya əsaslanır. Azərbaycanda isə rəsmi inflyasiya 3-5 faiz göstərilsə də, bir çox məhsul və xidmətlərdə qiymət artımı 30-50 faiz, bəzən daha çoxdur”.
E.Bayramlı qeyd edib ki, yaranan vəziyyət minimum əməkhaqqı, pensiyalar və digər sosial müavinətlərin də dəyərini azaldır:
“Məsələn, əvvəllər 400 manat maaşla təmin edilən ehtiyaclar üçün indi azı 800 manat lazımdır. Beləliklə, nominal gəlirlər artmasa da, real alıcılıq qabiliyyəti iki dəfə azalıb. Ümumilikdə, rəsmi statistika ilə real vəziyyət arasında ciddi disbalans mövcuddur. İnsanların gəlirləri azalır, qiymətlər artır, nəticədə sosial rifah səviyyəsi aşağı düşür. 15 manatlıq artım isə nə indeksasiya, nə də real gəlir artımı sayılır, əksinə, əhalinin gəlirlərinin dəyərinin daha da azalmasına gətirib çıxarır. Bu isə yaxın gələcəkdə ciddi sosial problemlərin yaranmasına səbəb ola bilər”.
Bundan əvvəl deputat Vüqar Bayramov bildirmişdi ki, yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması baxımdan vacibdir. Onun sözlərinə görə, hazırda 80 min 300 aztəminatlı ailənin 353 min 300 üzvü ünvanlı dövlət sosial yardımı alır.
Ləman İmran
Globalinfo.az














