Deputat Fazil Mustafanın Milli Məclisin plenar iclasında çıxışı zamanı “Problemlərin Həlli Nazirliyi”nin yaradılmasına dair təklifi maraqla qarşılanıb.
Deputat “ASAN xidmət” modelini nümunə göstərib və əhalinin problemlərinin daha tez həlli üçün belə bir nazirliyin yaradıla biləcəyini söyləyib.
Globalinfo.az təklifin detalları ilə bağlı Fazil Mustafa ilə əlaqə saxlayıb.
Deputat bildirib ki, səsləndirdiyi fikirlər, əslində ironik yanaşmadır:
“Mən bu fikri indi yox, təxminən 6-7 il əvvəl də parlamentdə çıxış edərkən səsləndirmişdim. O zaman demişdim ki, problemlərin həlli üzrə ayrıca bir nazirlik yaradılmalıdır. Çünki müxtəlif nazirliklər və dövlət komitələri öz funksiyalarını tam yerinə yetirmədikdə, bir məsələni həll etmək üçün vətəndaş müxtəlif qurumlara yönləndirilir və nəticədə problem həll olunmur. Bu isə həm səlahiyyət bölgüsündə, həm də məsuliyyət məsələsində çaşqınlıqlar yaradır”.

Fazil Mustafa
F.Mustafa qeyd edib ki, hazırda bu model ASAN xidmətdə həyata keçirilir:
“İnsanlar artıq bir məsələni həll etmək üçün 4-5 quruma getmədən, qısa zamanda konkret nəticə əldə edə bilirlər. Mən o vaxt bu ifadəni məhz bürokratik mexanizmin vətəndaşlara nə qədər çətinlik və zərər yaratdığını göstərmək üçün işlətmişdim. İndi hesab edirəm ki, “ASAN xidmət” modelinin daha da təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi vətəndaşların bu problemlərdən xilas olmasına kömək edə bilər. Xüsusilə mülkiyyət və digər sahələrdə hələ də çətinliklər qalmaqdadır.
Adi məsələlərin həlli üçün belə insanlar çətinlik çəkirlər. Buna görə də həm elektron hökumət sisteminin çevik işləməsi, həm də dövlət qurumlarında süründürməçilik hallarının azaldılması vacibdir. Əks halda, bu əziyyətli vəziyyət uzun müddət davam edəcək”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu sözügedən təklifi Globalinfo.az-a şərh edib. O bildirib ki, əgər mövcud dövlət orqanları öz vəzifələrini yerinə yetirə bilmirsə, yeni bir qurum yaratmağın da mənası yoxdur:
“Çünki o da digər dövlət qurumları kimi eyni prinsiplərə tabe olacaq. Əsas məsələ yeni qurumların yaradılması deyil, mövcud dövlət orqanları üzərində nəzarətin, hesabatlılığın və şəffaflığın gücləndirilməsidir. Mətbuatda yayılan məlumatlara dövlət tərəfindən ciddi nəzarət edilməli, vətəndaşların şikayətləri isə birbaşa aidiyyəti qurumlarda araşdırılmalıdır. Təəssüf ki, sovet dövründən qalmaqda olan bir ənənə var: vətəndaş şikayət etdikdə, müraciət yenidən eyni instansiyaya qaytarılır və problem həll olunmadan qalır.
Eyni zamanda elə bir nazirlik yaratmaq mümkün deyil ki, o, həm səhiyyə, həm təhsil, həm ekologiya, həm iqtisadi, həm də hüquqi problemləri eyni anda həll etsin. Onsuz da bu sahələr üzrə ayrıca nazirliklər mövcuddur və onların hər biri hesabatlı olmalı, üzərlərində ictimai nəzarət təmin edilməlidir”.

Sərdar Cəlaloğlu
Partiya sədri əlavə edib ki, hakimiyyət müxalifətin, mətbuatın və millət vəkillərinin səsləndirdiyi fikirləri nəzərə alarsa, problemlərin həlli mümkün olar:
“Əks halda, yeni qurumlar yaratmaqla, əlavə ştatlar açmaqla və büdcə vəsaitlərini səmərəsiz xərcləməklə vəziyyəti dəyişmək mümkün deyil. Məmurlar məsuliyyətdən yayınaraq bütün yükü prezidentin üzərinə atır, özləri isə yalnız şəxsi maraqlarını düşünürlər. Yeni nazirliklərin yaradılması bu şəraitdə effektiv deyil. Azərbaycandakı problemlər sistem xarakterlidir. Sistem, münasibətlər və idarəetmə yanaşması, yəni müxalifətə, vətəndaşlara, qanunlara, hakimiyyət orqanlarına və mətbuata münasibət dəyişmədikcə heç bir real problem həllini tapmayacaq”.
Ləman İmran
Globalinfo.az