Xəbər verdiyimiz kimi, Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının iclası keçirilib. Bu sammit təşkilat tarixində ən geniştərkibli toplantı hesab olunur.
İclasda 21 ölkənin dövlət və hökumət başçıları, eləcə də 10 beynəlxalq qurumun təmsilçiləri iştirak edirlər. İştirakçılar arasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Pakistanın Baş naziri Şahbaz Şərif, Ermənistanın Baş naziri Nikol Paşinyan və digər liderlər də yer alıblar.
ŞƏT sadəcə regional gücdür, yoxsa artıq qlobal miqyasda söz sahibi olan bir strukturdur? Daha öncə anti-Qərb və anti-ABŞ yanaşmaları ilə assosiasiya edilən təşkilatın əsl mahiyyəti nədir? Ümumiyyətlə, Azərbaycanın ŞƏT-də bu və ya başqa formada təmsil olunması ölkəmizə nə vəd edir?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) xüsusilə son illərdə beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində daha mühüm rol oynamağa başlayan bir təşkilatdır:
“Təşkilatın cəlbediciliyi təkcə iqtisadi imkanlarla məhdudlaşmır, eyni zamanda onun üçüncü ölkələrə və ya digər beynəlxalq təşkilatlara qarşı yönəlməməsi, bütün iştirakçıların bərabərliyi və suverenliyinə hörmət, daxili işlərə qarışmamaq prinsiplərindən irəli gəlir.
Bütün iqtisadi təşkilatlarla bərabərhüquqlu əməkdaşlıqda maraqlı olan ölkəmiz, 2016-cı ildən – yəni ŞƏT-də dialoq tərəfdaşı statusu aldıqdan sonra – bu təşkilatla əməkdaşlığı inkişaf etdirməyə başlayıb. Azərbaycan hazırda bu təşkilatla regional təhlükəsizlik məsələləri, o cümlədən, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələri üzrə faydalı əməkdaşlıq edir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının istər tamhüquqlu, istərsə də müşahidəçi və dialoq tərəfdaşı olan bir sıra ölkələrlə olduqca yaxşı münasibətləri mövcuddur”.

Rəşad Bayramov
Politoloq bildirib ki, ŞƏT üzvləri də Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar:
“Belə ki, ölkəmiz son illərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycan, təbii olaraq, ŞƏT üçün də cəlbedici görünür. Son dövrlərdə Azərbaycanın təşkilata üzv olan ölkələrlə iqtisadi tərəfdaşlığının, xüsusilə də ticarət dövriyyəsinin artması onu deməyə əsas verir ki, bu təşkilatda istənilən formada təmsilçilik ölkəmizə əlavə dividentlər qazandıra bilər.
Təşkilatın öz fəaliyyətini üçüncü ölkələrə və ya digər beynəlxalq təşkilatlara qarşı yönəltməməsi onu anti-Qərb və ya anti-ABŞ qurumu kimi xarakterizə etməyə imkan vermir. Bu gün təşkilatın üzv və tərəfdaşları sırasında ABŞ-la olduqca yaxşı münasibətləri olan Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, BƏƏ və digər ölkələr də var ki, bu da əslində ŞƏT-in hər hansı ölkəyə və ya quruma qarşı yönələn birlik olmadığını göstərir.
Düzdür, sammit çərçivəsində bəzi üzv ölkələr, məsələn, Çin və Hindistan ABŞ-ın apardığı ticarət müharibəsinə qarşı birgə mövqe ortaya qoyulmasını, eyni zamanda Rusiya və Çin NATO-nun yanaşmasına alternativ olaraq “bölünməz təhlükəsizlik” ideyası əsasında əməkdaşlıq təkliflərini gündəmə gətirirlər. Amma bu, bütövlükdə ŞƏT-in ABŞ və NATO əleyhinə hansısa addımlar atması anlamına gəlmir. Adı çəkilən ölkələrin bir-biri ilə münasibətləri belə təşəbbüsləri ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirməyə imkan verir”.
Safura Bənnayeva
Globalinfo.az














