Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbin tətbiq etdiyi sanksiyaların Moskva üçün aşılmaz olmadığını bildirib. O qeyd edib ki, ölkəsi bu məhdudiyyətlərin öhdəsindən gələrək, yeni sanksiyalara da davam gətirəcək. Nazirin sözlərinə görə, sanksiyalar Qərb ölkələrinin öz iqtisadiyyatına və beynəlxalq nüfuzuna da zərbə vurur.
Reallıq nədən ibarətdir? ABŞ-ın Rusiyaya tətbiq etməyi planlaşdırdığı 100 faizlik rüsum sanksiyası Moskvaya nə vəd edir?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yerinə yetirildiyini demək çətindir:
“Müharibə artıq dördüncü ildir ki, davam edir və Ukraynaya təcavüz hələ də bitməyib. Moskva Avropa ölkələri və ABŞ-ın tətbiq etdiyi sanksiyaların çoxunu elə bəzi Qərb şirkətlərinin köməyi sayəsində aşa bilir. Onlar istər Ermənistan, istərsə də Çin və Hindistan kimi ölkələr üzərindən bu sanksiyaların yüngülləşdirilməsinə nail ola bilib. Qərb uzun müddətdir buna göz yumur”.
Natiq Cəfərli
İqtisadçının sözlərinə görə, Trampın elan etdiyi yeni strategiya birbaşa Rusiyaya yox, onlarla ticarət edən ölkələrə yönəlib:
“Lavrov ya məsələni qəsdən gizlədir, ya da tam anlamır. Məncə, o, kifayət qədər təcrübəli insandır və hər şeyi yaxşı dərk edir. Sadəcə, vəziyyətin üstünü örtməyə çalışır. Trampın irəli sürdüyü 100 faizlik rüsum birbaşa Moskvaya yox, bu ölkə ilə ticarət etməyə cəhd edənlərə tətbiq olunacaq. Məqsəd onların Rusiya məhsullarından, xüsusilə enerji resurslarından imtina etməsidir. Bu isə daha ciddi və təsirli addımdır”.
Müsahibimizin fikrincə, qarşıdakı 50 gün ərzində atəşkəsə nail olunmazsa, Rusiyanın iqtisadiyyatında yeni dalğalanmalar yaşana bilər:
“Müharibənin ilk aylarında Rusiya iqtisadiyyatı kifayət qədər ciddi şəkildə zərbə aldı. Lakin sonra bəzi Qərb ölkələrinin dolayı yolla göstərdiyi dəstək nəticəsində vəziyyət nisbətən stabilləşdi. Məsələn, Avropa İttifaqı (Aİ) ölkələri 3 il ərzində Rusiyadan aldıqları qaza görə ödədikləri vəsaitdən daha az Ukraynaya yardım ediblər. Hətta bu dövrdə Moskvadan ən çox qaz alan ölkə Fransadır”.
N.Cəfərli Trampın sanksiya qərarının tətbiq olunma ehtimalının nisbətən az olduğunu vurğulayıb:
“Bu addımlar reallaşsa, ABŞ Rusiya ilə geniş ticarət əlaqələri olan Çin, Hindistan, Braziliya kimi ölkələrlə də problem yaşaya bilər. Trampın burada “kökə və qamçı” taktikası işə düşür: indi “qamçı”nı göstərdi, bir az sonra “kökə”ni təqdim edəcək. Yəni həmin ölkələrlə danışıqlar aparılacaq. Bu 50 günlük müddət sentyabrın əvvəlinə təsadüf edir. Həmin vaxta qədər atəşkəsə nail olunmasına çalışılacaq. Vaxt məhdudiyyəti də var, çünki sentyabrın 20 və ya 21-də Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) tədbiri keçiriləcək. Görünür, ABŞ buna qədər atəşkəsin elan olunmasını istəyir”.
Zaira Akifqızı
Globalinfo.az