“ABŞ prezidenti Donald Tramp seçim etməlidir: Yaxın Şərqdə sülhü təşviq etmək və ya İsrailə ABŞ-ı İranla müharibəyə sürükləməyə imkan vermək”.
Globalinfo.az xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlsona müsahibəsində İslam Respublikasının prezidenti Məsud Pezeşkian deyib.
“Tramp ya regionumuzu sülhə və parlaq gələcəyə apararaq, İsraili öz yerində oturdacaq, ya da vəziyyəti dibsiz çuxura, bataqlığa sürükləyəcək. Seçim Amerika prezidentinin ixtiyarındadır”.
İslam Respublikası prezidenti həmçinin bildirib ki, İran ABŞ-la danışıqları bərpa etməyə hazırdır, lakin etimad məsələsi var.
“Biz yenidən ABŞ-a necə güvənəcəyik? Danışıqlar zamanı İsrailə yenidən bizə hücum etmək icazəsi verilməyəcəyinə necə əmin olacağıq? Yaxın Şərqdə yeni silahlı münaqişə regionda sabitliyi daha da pozacaq və Amerikanın maraqlarına zərər verəcək. Eyni zamanda, İran müstəqil şəkildə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək iqtidarındadır. Biz bunu son damla qanımıza qədər edəcəyik. İran hakimiyyəti ABŞ prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini heç vaxt dəstəkləməyib. Bunlar Netanyahunun eyhamlardır, lakin onlar doğru deyil”, – Pezeşkian vurğulayıb.
Məsud Pezeşkian Taker Karlsona müsahibəsində deyib ki, ABŞ-ın nüvə mərkəzlərinə qanunsuz hücumları nəticəsində çoxlu avadanlıq və qurğulara ciddi ziyan dəyib.
Xatırladaq ki, 2024-cü ilin iyul və sentyabr aylarında Trampa qarşı sui-qəsd cəhdləri edilib. Daha sonra Tramp İranın onun həyatı üçün təhlükə yaratdığını açıqlayıb.
Əliyar Xəlil