Baş verən son hadisələr fonunda, ABŞ prezidenti Donald Trampın iyunun 23-də səsləndirdiyi fikirlər xüsusi diqqət çəkir. O bildirib ki, İsrail və İran arasında bağlanmış atəşkəs “zaman məhdudiyyəti olmadan”, yəni “əbədi qüvvədə olacaq”. Tramp həmçinin “Təbriklər, dünya, sülh zamanı” deyərək müharibənin tamamilə sona çatdığı mesajını verdi.
Bəs bu açıqlamalardan nə nəticə çıxarmaq olar? Həqiqətən münaqişə sona çatdı, yoxsa qarşıdakı dövrdə yenə də gərginliklər yaşana bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, ABŞ hazırda regionda təsir imkanlarını qoruyub saxlaya bilib:
“Donald Trampın siyasi kimliyi kifayət qədər ziddiyyətlidir. Yəni o, sabah tamamilə fərqli qərar qəbul edə bilər. İsrail isə bu müharibə nəticəsində istədiyi strateji üstünlüyü əldə etdi. Bu da ona regionla bağlı qərarları təkbaşına qəbul etməyə imkan verəcək. Eyni zamanda, İsrail proksi qüvvələrə də ciddi bir siqnal göndərdi”.
Əziz Əlibəylinin fikrincə, gələcəkdə daha genişmiqyaslı bir müharibə baş verərsə, bu zaman tərəflərin istər müttəfiqlərin hərbi potensialı, istərsə də İran və onun proksi qüvvələrinin müqavimət gücü, Rusiya və Çinin davranışları təhlil ediləcək:
Əziz Əlibəyli
“Bu mərhələdə iştirak edən güclərin real imkanları müəyyən olunacaq və növbəti qarşıdurmalar üçün uyğun alətlər formalaşdırılacaq. Lakin onu da qeyd etmək lazımdır ki, mövcud münaqişənin əsas səbəbləri hələ də aradan qaldırılmayıb. İran nüvə silahı əldə etmək məqsədilə uranı zənginləşdirməkdən imtina etməyib. ABŞ isə dəfələrlə İranın nüvə proqramını tamamilə məhv etdiyini və bu ölkənin nüvə silahına sahib ola bilməyəcəyini bəyan edib”.
Siyasi şərhçinin sözlərinə görə, İran nüvə silahı əldə etmək cəhdlərini davam etdirsə, növbəti qarşıdurmaların baş verməsi ehtimalı yüksəkdir:
“Hazırkı mərhələni yeni gərginliklərə qədərki nisbi sakitlik dövrü kimi dəyərləndirmək olar. ABŞ isə bu prosesdə qlobal səviyyədə həlledici güc olduğunu bir daha nümayiş etdirdi və bu mövqeyini möhkəmləndirdi. Tramp sülhə vasitəçilik edən prezident obrazı ilə çıxış edir, lakin onun bu imici də müəyyən ziddiyyətlərlə müşayiət olunur. Bütün bunlarla yanaşı, Qətərin vasitəçi rolu da danılmazdır. ABŞ yanında neytral aktorların məsələn, Qətər kimi ölkələrin diplomatik fəallığı getdikcə artır”.
Safura Bənnayeva
Globalinfo.az