Türkiyə Böyük Millət Məclisi (TBMM) İsrailin aqressiv addımları ilə başlayan və İranla toqquşmaya çevrilən prosesə qarşı sərt ifadələrlə hazırlanmış və Parlament Sədri Numan Kurtulmuşun imzasını daşıyan bir sənədi yekdilliklə qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qətnamədə vurğulanır ki, TBMM olaraq İsrailin uzun illərdir beynəlxalq hüquqa zidd və soyqırımı xarakteri daşıyan siyasətlərini diqqətlə izləyirlər və bu siyasətlərin artıq bütün dünyanı təhdid etdiyi bildirilir.
Sənəddə deyilir:
“Qəzzada on minlərlə günahsız insanın qətliamından sonra İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar bu ölkənin bölgədə sülhü tamamilə hədəfə alan bir münaqişə strategiyası yürütməsini açıq şəkildə göstərir. Onilliklərdir davam edən işğal, sistematik təzyiq və ayrı-seçkiliklə yanaşı, soyqırımı ilə və yardım ala bilmədiyi üçün aclıqla mübarizə aparan Fələstin xalqı ölüm-dirim savaşı verir.”
TBMM İsrailin yardım növbəsində gözləyən mülki şəxsləri və uşaqları hədəfə almasını insanlığa qarşı cinayət kimi qiymətləndirib və bu addımı qəti şəkildə qınayıb.
Qətnamədə əlavə olunur ki, İsrailin İranla bağlı hərbi əməliyyatları regionda gərginliyi artırmaqda və genişmiqyaslı müharibə riskini doğurmaqda davam edir. Bu addım həm də nüvə müzakirələri və beynəlxalq əməkdaşlıq proseslərinə qarşı yönəlmiş təxribat və təhdid kimi qiymətləndirilir.
TBMM həmçinin Fələstinlə yanaşı, Suriya, Livan və Yəməndə İsrailin davam edən hücumlarını da Netanyahu hökumətinin qarşıdurmanı yaymaq niyyəti kimi qiymətləndirir.
Sonda Parlament beynəlxalq ictimaiyyəti İsrailin dayandırılması üçün qətiyyətli və prinsipial mövqe ortaya qoymağa çağırıb və ədalətli, davamlı və haqqa əsaslanan sülh üçün diplomatik təşəbbüslərinin arxasında durduğunu bir daha bəyan edib.
Aysel Əliyeva
Globalinfo.az














