davos 1

“Ukraynada müharibənin davam etməsinə baxmayaraq, artıq bütün dünyanın diqqəti ənənəvi şəkildə İsveçrədə keçirilən Davos İqtisadi Forumundadır. Bu, iqtisadi forum olsa da, dünya siyasətinə də ciddi təsir göstərir”.

Bu sözləri Globalinfo.az-a politoloq Xəyal Bəşirov deyib:

“1971-ci ildən bu günə qədər keçirilən Davos İqtisadi Forumunda Azərbaycanın iştirakı ilk dəfə 1995-ci ildə ulu öndər Heydər Əliyevin təmsilçiliyi ilə baş tutub. Həmin vaxt Azərbaycana həsr olunmuş tədbir də keçirilib. Prezident İlham Əliyevin Davos Forumunda iştirakı ilk dəfə 2007-ci ildən başlayıb. Bundan sonra o dəfələrlə bu forumda iştirak edib”.

X.Bəşirov qeyd edib ki, Azərbaycanın xüsusilə dünyanın beyin mərkəzi olan Avropanın enerji xəritəsinin formalaşmasında Avropa İttifaqının üzvləri ilə ikitərəfli qaydada strateji tərəfdaşlıq müqavilələrini imzalaması və bir sıra enerji layihələri ilə bağlı təşəbbüs ortaya qoyması dünya iqtisadiyyatında rolunun artmasına gətirib çıxarıb:

“Hazırki iqtisadi forumda Prezident İlham Əliyevin iştirakının bir sıra digər ciddi məqamları var. Azərbaycan artıq Cənubi Qafqazda mövcud olan işğal prosesinə son qoyub və əvvəllər münaqişə ilə bağlı investisiyaların yatırılması üçün təhlükə və təhdid vardısa, indi bunu aradan qaldırmaqla bağlı yeni şərait formalaşdırıb. Azərbaycanın aktivliyi ilə regionda keçmiş münaqişə ilə bağlı iqtisadi və nəqliyyat kommunikasiyalarının bloka salınması prosesinə son qoyulmaqdadır.

Hazırda işğaldan azad etdiyimiz ərazilərin bərpası baxımdan da Davos İqtisadi Forumu önəmli rol oynayır. Dünyanın ayrı-ayrı təşkilatları və iqtisadi qurumlarının regiona cəlb edilməsi, bölgədəki geniş bərpa və quruculuq prosesində iştirakı da forumda müzakirə ediləcək əsas mövzulardan biridir.

Ukrayna müharibəsinin fonunda bu forumun keçirildiyi Avropanın enerji təhlükəsizliyində ciddi çatlar yaranıb. Regionun istehsal maşını olan Almaniyanın bu prosesdən zərər gördüyü göz önündədir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu gündən- günə artmaqda olan Azərbaycan mövzusu da gündəmdə olacaq”.

Politoloq hesab edir ki, Çin kimi iri bazarın Avropa və dünya ilə birləşdirilməsi istiqamətində Azərbaycanın dünyaya təqdim etdiyi təhlükəsiz və sabit Zəngəzur dəhlizi bütün dünyanın marağındadır. Davos İqtisadi Forumunda ən ciddi şəkildə müzakirə ediləcək mövzulardan biri bu olmalıdır:

“Müzakirə ediləcək əsas mövzulardan biri də 40 günə yaxındır ki, Azərbaycan xalqına və dövlətinə məxsus olan Qarabağdakı faydalı qazıntıların qanunsuz istismarına və bununla paralel aparılan ekoloji terrora xalqımızın və vətəndaş cəmiyyətinin etirazları olmalıdır, ən azından Forumda buna münasibət bildirilməlidir.

Azərbaycan indiyədək bu forum çərçivəsində bir sıra dövlətlərlə və şirkətlərlə əlaqə qurub onlarla birlikdə ciddi layihələrin reallaşmasına nail olub. Hesab edirəm ki, bu dəfə də bu istiqamətdə Azərbaycanın uğurlu addımlar atacağının şahidi olacağıq”.

Gülnar Səlimova
Globalinfo.az

Paylaş: