“Ukrayna hakimiyyəti razılaşdırılmış öhdəlikləri pozmaqla 30 günlük atəşkəsin tətbiqinə mane olur”.

Globalinfo.az xəbər verir ki, bu barədə Zaxarova ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun bəyanatına münasibət bildirərkən deyib.

Kelloqun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin 30 günlük atəşkəslə razılaşmadığı üçün təşəbbüs gerçəkləşmir. Zaxarova isə bu fikirlərin həqiqəti əks etdirmədiyini vurğulayıb və əlavə edib:

“Yeganə maneə Kiyevdir. Onlar öhdəlikləri pozur və atəşkəs şərtlərini ciddi şəkildə müzakirə etmək niyyətində deyillər. Onların sülhə həqiqi münasibəti mayın 8-dən 10-na qədər – Qələbə Günü münasibətilə elan edilən 72 saatlıq atəşkəs dövründə necə davranacaqlarından bəlli olacaq”.

Rusiya tərəfinin dəfələrlə atəşkəs təşəbbüsü göstərdiyini xatırladan Zaxarova bildirib ki, Moskva nəinki atəşkəsə qarşı çıxmayıb, əksinə, iki dəfə bu istiqamətdə konkret addımlar atıb.

“Mart ayında biz Donald Trampın enerji infrastrukturuna zərbələrə 30 günlük moratorium təklifi ilə razılaşdıq. Apreldə isə Pasxa bayramı münasibətilə atəşkəs elan etdik. Əgər Kiyev bu təşəbbüslərə əməl etsəydi, bu, uzunmüddətli atəşkəsə aparan yol ola bilərdi”, – o əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: