“Aprelin 9-da ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum keçirilib. Prezident İlham Əliyevin forumdakı çıxışı qlobal güclər arasında yeni dünya nizamı uğrunda gedən mübarizəyə Azərbaycanın strateji baxışını ortaya qoyur”.
Globalinfo.az xəbər verir ki, bu sözləri analitik Aqşin Kərimov deyib.
Analitik bildirib ki, İlham Əliyevin tezisləri və mövqeləri təkcə Cənubi Qafqaz üçün deyil, Avropa və Yaxın Şərqin təhlükəsizlik arxitekturası üçün proqnozları və mümkün nəticələrə yanaşmanı sərgiləyir:
“Prezident İlham Əliyev Cənubi Qafqaz kontekstindəki proseslərin inkişafı və dinamikasının Ermənistanın Azərbaycanla sülh gündəmində nə qədər səmimi davranma indikatorundan asılı olduğunu qeyd edib. Yəni regionunun gələcəyi daha çox Ermənistanın hansı mövqedə dayanmasından asılıdır və baş verə biləcək hadisələrə görə məsuliyyət trayektoriyası İrəvan üzərində ciddi şübhələr yaradır.
Rusiya-Ukrayna müharibəsinin konteksti Avropa ilə bərabər postsovet məkanını da əhatə edir və bunun müşayiətində Moskva-İrəvan münasibətləri xüsusilə maraq doğurur. Ermənistan Qərb siyasi sisteminin bir parçası olmağı hədəflədikcə və Rusiyanın oriyentasiyasından çıxmağa çalışdıqca, Cənubi Qafqazda geosiyasi ziddiyyətlər dərinləşir. Əlavə geosiyasi yüklər Ermənistan üzərindən regional gərginliklər yaradır və bunun fonunda İrəvanın hansı meyarlarla sülh gündəliyinə sadiqlik göstərəcəyi suallar doğurur.
Prezident İlham Əliyev bunun istiqamətlərini aşağıdakı üç mühüm tezislə gündəmə gətirdi:
– Sülh sazişi ilə əlaqədar Azərbaycan tələb və şərtlərini Ermənistana çatdırıb, indi top İrəvan tərəfdədir,
– Bəzi qüvvələr Cənubi Qafqazda ayırıcı xətlər yaratmağa çalışır. Prezident bununla Ermənistanın silahlandırılmasına, Avropa İttifaqı missiyasının Ermənistandakı fəaliyyətinə, Fransa və Hindistanın canfəşanlıqla nümayiş etdirdiyi geosiyasi qisasçılıq kursuna diqqət çəkir.
– ABŞ-nın Donald Tramp administrasiyası zamanında Azərbaycanla əlaqələrdə mühüm tərəfdaşlıq qurması üçün unikal fürsət yaranıb. Bu, strateji tərəfdaşlıq statusuna yüksələ bilər. Bakı-Vaşinqton əlaqələri Donald Trampın prezident seçilməsinin Ermənistanda yaratdığı məyusluqlar və narahatlıqlar fonunda əhəmiyyətlidir”.
A.Kərimov deyib ki, Yaxın Şərqdə proseslər Suriyada Bəşər Əsədin devrilməsinin nəticələri ilə uyğunlaşdırılır:
“Suriyada sabit və dayanıqlı idarəçilik əldə edilənə qədər Yaxın Şərqin təsir dairələrinə necə bölünəcəyi geosiyasi rəqabət rejimini ağırlaşdırır. Üstəlik, ABŞ-İran gərginliyinin müharibə hədələri ilə müşayiət olunması region üçün uzunmüddətli problemlərin qalacağını vəd edir. Bunların paralelində Türkiyə və İsrailin Suriyada strateji nüfuz uğrunda mübarizə aparması hərbi, iqtisadi amibsiyalar üzərində gərginlikləri artırır.
Azərbaycan üçün Türkiyə strateji müttəfiq, İsrail isə mühüm tərəfdaşdır. Bu baxımdan Bakı Ankara-Təl-Əviv gərginliyinin aradan qalxmasında maraqlıdır və ziddiyyətlər əvəzinə əlaqələrin konstruktivləşməsinə çalışır.
Prezident İlham Əliyev həmin məsələlərlə bağlı ADA-dakı tədbirdə çıxışında deyib:
“Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq. Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”.
İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident qeyd edib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib:
“Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir”.

Aqşin Kərimov
Analitikin sözlərinə görə, Prezidentin mesajı təkcə keçmişdəki vəziyyətin düzəldilməsində Azərbaycanın rolunu xatırlatmaq deyil:
“Cənab İlham Əliyev eyni zamanda Azərbaycanın Türkiyə ilə İsrail arasında cari vəziyyətin razılaşma həddinə çatması üçün formulları araşdırdığını qeyd edir.
Bakı Ankara və Təl-Əviv arasında hər hansı anlaşılmazlıqdan qaçmaq və potensial toqquşmaların qarşısını almaq üçün münaqişənin aradan qaldırılması xəttinin yaradılması ilə bağlı danışıqlarda maraqlıdır.
Azərbaycanın məqsədləri gələcək üçün əmin-amanlıq prinsiplərinə söykənir və Suriyada təsir bölgüsünün, təhlükəsizlik tənzimləmələrinin qarşılıqlı maraqlar əsasında qurulacağına inamı ifadə edir. Bu inam rəsmi Bakının Suriyada yeni qurulan hökuməti dəstəkləməsi mövqeyinə əsaslanır”.
Ekspert vurğulayıb ki, Azərbaycan özünü beynəlxalq gərginlik və yüksək eskalasiya risklərindən kənarda tutmaq üçün davamlı strateji inkişafa yönəlir və aparıcı geoiqtisadi mərkəz kimi cəlbedicilik xüsusiyyətləri qazanır:
“Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi həmin istiqamətlərə əlavə dəyər qata biləcək gücdədir.
Azərbaycan maksimum şəkildə Ermənistanla münasibətlərdə müharibənin geri qayıtmamasını təmin etmək üçün genişmiqyaslı sülh və diplomatik fəallıq nümayiş etdirir. Ermənistanın konstitusiyasını dəyişdirməsi Prezident İlham Əliyevin gündəmində sülh gündəliyinin uğurlu inkişafı üçün prioritet təşkil edir.
Əgər Ermənistan konstitusiyasını Azərbaycanın tələb və şərtləri əsasında dəyişsə, bu, Bakının İrəvan üzərində yüksək səviyyəli institusional təsirini formalaşdıracaq. Bu, dayanıqlı sülh və təhlükəsizlik üçün vacib elementdir, hərçənd ki, Ermənistan regionda geosiyasi ayırıcı xətlər yaratmağı hədəfləyən qüvvələrin poliqonuna çevrilib.
Yüksək, intensiv diplomatik-siyasi səyləri, həmçinin Ermənistan və onun havadarlarının buna maneələr yaratmaq cəhdlərinə baxmayaraq, Azərbaycan Zəngəzur dəhlizinin açılmasından tutmuş Qərbi azərbaycanlıların geri dönüşünə qədər geniş paketi icra edəcək gücü və potensialı toplayıb. Beləliklə, zaman Ermənistanın əleyhinə, Azərbaycanın lehinə işləyir”.
Turan Rzayev
Globalinfo.az