Bu ilin yanvarında Lənkəranda dənizdə balıq tutarkən itkin düşən, cəsədi Xəzərin İran sahilində tapılan Mahmud İbayevin cənazəsi ölkəmizə gətirilib.
Globalinfo.az xəbər verir ki, bu gün axşam saatlarında mərhumun nəşi dəfn olunması üçün ailəsinə təhvil verilib.
Bu gün axşam saatlarında Mahmud İbayevin nəşi doğulduğu Siyavar kəndinə gətirilib. Evinin qarşısında vida mərasimi təşkil olunub. Daha sonra mərhumun cənazəsi kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində yaxınları, kənd sakinləri və tanışları iştirak edib, mərhum üçün cənazə namazı qılınıb.
Xatırladaq ki, hadisə bu ilin yanvar ayının 13-də baş verib. Həmin gün Siyavar kənd sakinləri – 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov dənizə balıq ovuna çıxaraq itkin düşmüşdülər.
Fevralın 21-də balıqçılardan biri – Nazim Abbasovun meyiti tapılmışdı. Ötən ay isə Mahmud İbayevin cəsədi Xəzər dənizinin İran ərazisində – Bəndər-Ənzəli şəhəri yaxınlığında aşkar edilib.
Mərhumun qardaşı Rəşad İbayev ailə üzvləri və kənd sakinlərinin dəstəyi ilə İrana gedərək cəsədin Azərbaycana gətirilməsi üçün zəruri prosedurları yerinə yetirib.














