“ABŞ Prezidenti Donald Tramp Rusiya, Belarus, Kuba və Şimali Koreyadan gələn mallara ticarət rüsumları tətbiq etməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Leavitt deyib.
O qeyd edib ki, səbəb sözügedən ölkələrin artıq ABŞ-ın sanksiyaları altında olmasıdır:
“Bu dörd ölkəyə qarşı hazırkı sanksiyalar kifayət qədər sərtdir və əlavə ticarət məhdudiyyətlərinin tətbiqi hazırda nəzərdən keçirilmir. Rusiya hələ də gələcəkdə əlavə sərt sanksiyalarla üzləşə bilər”, – deyə Ağ Ev rəsmisi bildirib.
O əlavə edib ki, Kanada və Meksika da yeni məhdudiyyətlərə məruz qalmayıb:
“Çünki ABŞ əvvəllər onlara 25% ayrıca rüsum tətbiq etmişdi”.
Qeyd edək ki, aprelin 2-də Donald Tramp ölkəsinin idxal olunan mallara minimum 10% tarif dərəcəsi təyin edəcəyini açıqlayıb. Ayrı-ayrı dövlətlər üçün o, fərdi tariflər təyin edib. Bundan əlavə, ABŞ administrasiyası aprelin 3-dən idxal edilən bütün avtomobillərə 25% gömrük rüsumu tətbiq edəcək.
Günay Rəsulqızı
Globalinfo.az