Binəqədi rayon sakinləri növbəti dəfə ərazidə aparılan inşaat işlərdən narazılıqlarını bildiriblər. Daha bir şikayəti jurnalist Səbuhi Mübarizoğlu işıqlandırıb. O, sosial şəbəkə hesabında qeyd edib ki, özəl bir şirkət yeni tikiləcək binaya görə yollarda söküntü işlərinə başlayıb. Söhbət Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsindən gedir. Jurnalistin sözlərinə görə, həmin yoldan Dövlət Statistika Komitəsinə qədər 4 metrə yaxın qazıntı işləri aparılıb. Nəticədə kanalizasiya, su xətləri dağıdılıb. Dəyən zərərlərə görə sakinlərin evində kombi işləmir, sudan istifadə edə bilmirlər və sair.
Sitat: “Binəqədi rayonu tamamilə yiyəsiz qalıb. İcra başçısı Elxan Allahverdiyev və dəstəsi bu rayonun altını da, üstünü də istismar edib və edir. Kim nə istəyir edir, haranı istəyir qazır, dağıdır. Yetər ki, rüşvətini ver, vəssalam”.
Globalinfo.az sözügedən məsələni aydınlaşdırmaq üçün Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
Qurumdan bildirilib ki, yolun söküntüsü ilə bağlı müvafiq razılıq alınıb:
“Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən verilmiş sxemə və “Azərsu” ASC-nin texniki şərtinə əsasən, Binəqədi rayonu, Mədən 1, korpus 5 ünvanında yerləşən dövlət tərəfindən inşa edilmiş yaşayış komplekslərinə su və kanalizasiya xəttlərinin çəkilməsi məqsədilə müvafiq razılıq alınıb. Yuxarıda qeyd olunan ünvanda sonradan bərpa edilmək şərti ilə asfalt örtüyü sökülüb. İşin icrası zamanı nəqliyyatın hərəkəti dayandırılmayıb”.
Günay Rəsulqızı
Globalinfo.az














