Lənkəranda yük avtomobilinin sürüşərək 20 metr hündürlükdən çaya düşməsi nəticəsində sürücü xəsarət alıb.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə Girdəni-Havzava kənd yolunda, Girdəni kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran rayon Göyşaban kənd sakini 20 yaşlı Pərviz Fariz oğlu Abdullazadənin idarə etdiyi “Ford Transit” markalı yük avtomobili hərəkətdə olarkən, nəqliyyat vasitəsi sürüşüb və təqribən 20 metr hündürlükdən Girdəniçaya düşüb. Sürücü ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, Lənkəran rayonu Girdəni kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi nəticəsində 2005-ci il təvəllüdlü rayon sakini 1 nəfər (kişi cinsli) şəxs alının sıyrılmış, didilmiş yarası, kəllə beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi
Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olub.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəstə vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndilir.
Kənd sakinləri deyir ki, sözügedən yolda torpaq qatı dağılıb və həmin yolun eni 3,5 metr olub. Qəzanın baş verməsinə səbəb də qarlı yolda nəqliyyat vasitəsinin sürüşməsi olub.
Faktla bağlı araşdırma aparılır.