“Ermənistan hökuməti demarkasiya prosesinin növbəti mərhələsinə başlamadan öncə hüquq mühafizə orqanları və hökumətin sadiq adamları vasitəsilə Tavuş vilayətində qəsdən dezinformasiya yaymağa başlayıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
Onun sözlərinə görə, bölgənin müxtəlif kəndlərində proseslə bağlı fərqli məlumatlar yayılıb:
“Çox fərqli ssenarilərə əsaslanan məlumatlar yayılır. Bunların haradan qaynaqlandığı, hansı mənbədən yayıldığı məlum deyil. Bu, hökumətin fırtınadan öncə genişmiqyaslı hazırlığıdır. Bəzi yerlərdə total dezinformasiya yayılır, bəzilərində isə informasiya blokadası formalaşdırılır”.
Qeyd edək ki, yanvarın 16-da Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin Tavuşdan başlamaqla Gürcüstandan İran sərhədinə kimi davam etdirilməsi razılaşdırılıb. Ermənistan KİV budəfəki proses çərçivəsində Qazaxın işğalda olan anklav kəndləri – Sofulu, Bərxudarlı, Yuxarı Əskipara və Naxçıvanın Kərki kəndinin Azərbaycana təhvil veriləcəyini yazır.
Əliyar Xəlil
Globalinfo.az