tehran ela scaled

“İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə istənilən zərbəsi regionu genişmiqyaslı müharibəyə aparacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.

Onun sözlərinə görə, nüvə obyektlərinə zərbə ABŞ-ın yol verə biləcəyi ən böyük tarixi səhv olacaq. O deyib ki, İran bu zərbələrə dərhal cavab verəcək və regionda total müharibə başlayacaq.

Qeyd edək ki, hələ Tramp seçilməzdən öncə ABŞ və İsrail rəsmiləri İranın nüvə silahı əldə etməyə çox yaxın olduğunu açıqlamışdılar. Lakin İran rəsmiləri bu iddiaları təkzib edib və Tehranın nüvə silahı əldə etmək niyyəti olmadığını bildiriblər. Bununla belə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Ceyk Sallivan vəzifəsini tərk etməzdən əvvəl verdiyi son açıqlamada İranın tarixinin ən zəif dövrünü yaşadığını və yeni administrasiyanın Tehrana təzyiq etmək imkanlarının genişləndiyini bildirib. Tramp administrasiyası isə hələlik İranla bağlı qəti mövqeyini açıqlamayıb. Bəzi ekspertlər isə Trampın dönəmində İranın nüvə obyektlərinin zərbəyə məruz qalacağı ehtimalı olduğunu bəyan ediblər.

İran bundan əvvəl özünə qonşu olan ölkələri xəbərdar edərək, onları ABŞ və İsraillə əməkdaşlıqdan imtinaya çağırıb. Üstəlik, İran rəsmiləri qonşu ölkələrin ərazisindən İrana istənilən zərbənin preventiv zərbə ilə nəticələnəcəyini açıqlayıblar.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: