Azərbaycanın müstəqllik qazandıqdan sonra ən böyük uğurlarından biri 30 ildən çox işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunmasıdır. Məhz İkinci Qarabağ savaşı Azərbaycan Ordusunun qüdrətini, rəşadətini və şücaətini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan 44 günlük müharibə ilə düşməni əzəli torpaqlarımızdan qovaraq BMT-nin dörd qətnaməsini özü yerinə yetirməli oldu. Hazırda azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə start verilib və mühüm infrastruktur layihələri həyata keçirilir. Bu isə illərdir həsrətində olduğumuz “Böyük Qayıdış”a hesablanan mühüm prosesin bir parçasıdır.
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı böyük və ciddi addımlar atır:
“Əslində bu prosesin təməli hələ 2016-cı ildə qoyulub. Belə ki, həmin ilin aprelində baş vermiş dördgünlük döyüşlər nəticəsində Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın bir hissəsini işğaldan azad etdi. Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq, “Böyük Qayıdış” prosesinə start verildi. Bu, həm də düşmənə açıq bir mesaj idi. Yəni Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və Cocuq Mərcanlı kəndinin bərpası bütün Qarabağda həyata keçiriləcək.
Gözlənilən kimi də oldu. Belə ki, 2020-ci ildə 44 günlük müharibə nəticəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən dərhal sonra işğal dövründə Ermənistan tərəfindən vandallığa məruz qalan doğma ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı. 2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair “Birinci Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı.
Bu sərəncam özündən bir çox şeyi ehtiva edirdi. Məsələn, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası və s. Görülən işlərin ilkin nəticəsi olaraq 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurdlarına qayıdışı baş tutdu. Məcburi köçkün həyatı yaşayan insanların bir hissəsi öz doğma dədə-baba yurdlarına qayıtdı və orada həyat yenidən başladı. Lakin hələ Qarabağ tam işğaldan azad edilməmişdi. Ordumuzun 2023-cü il sentyabrın 19-da bölgədə başlatdığı və 24 saatdan az çəkən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu”.

Qabil Hüseynli
Politoloq bildirib ki, düşmənin darmadağın etdiyi şəhərlər və kəndlər hazırda sürətlə bərpa olunur, “Böyük Qayıdış” proqramı çərçivəsində mühüm addımlar atılır:
“Sevindirici haldır ki, müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq azad olunmuş ərazilərdə sakinlərin məskunlaşdırılmasına start verilib. Azərbaycanlılar doğma şəhər və kəndlərinə qovuşublar.
Laçında, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocavənddə, Ağdərədə, Xocalıda və digər ərazilərdə görülən işlər uğurla davam etdirilir. Hökumət “Böyük Qayıdış” proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracaq və o vaxta kimi 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.
Təbii ki bu proses çox genişdir və böyük vəsait tələb edir. Azərbaycan kənardan bir manat belə almadan özü bütün lazımı işləri görür. Bu isə ölkəmizin iqtisadi potensialının və gücünün göstəricisidir. Azərbaycan 2026-cı ilin sonuna qədər “Böyük Qayıdış” proqramının birinci mərhələsini yekunlaşdırarsa, bu, dünya tarixində bir ilk ola bilər. Çünki belə qısa zamanda bu qədər böyük ərazini minalardan təmizləmək, yenidənqurmaq və Qarabağın, Şərqi Zəngəzurun sakinlərini ata-baba yurdlarına qaytarmaq qaytarmaq asan iş deyil”.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Turan Rzayev
Globalinfo.az














