Son günlər, xüsusilə də Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlərdən sonra Ermənistan və İranın Azərbaycana qarşı münasibəti diqqət çəkir. Belə ki, hər iki ölkənin Azərbaycanla ciddi anlaşma içərisində olduğu görünür. İranın Azərbaycanın tələblərinə əməl etməsi, İran Ali Məhkəməsinin 2023-cü il yanvarın 27-də səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı edam hökmünün təsdiqləməsi, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin İrandakı təmasları, imzalanan, ya da imzalanmaqda olan sənədlər, razılaşmalar və s. bunu deməyə əsas verir.
Ermənistanın da sərhəd məsələsində Azərbaycanla son günlər əldə etdiyi razılaşmalar var.
Azərbaycanın yaratdığı mövcud reallıqlarla qonşularımız barışırmı?
Globalinfo.az-a danışan politoloq Yalçın Hacızadə deyib ki, uzun müddətdir, hər iki ölkə Azərbaycana qarşı xoş olmayan, düşmən siyasət aparır:
“Hər iki ölkə müstəqilliyimizə, suverenleyimizə qarşı təhlükə törədərək, təhdid edib. Amma Azərbaycan dövlətinin güclənməsi, müasir ordu quruculuğu, iqtisadi sabitlik, uğurlu beynəlxalq əməkdaşlıq və bəzi yaxın ölkələrdə strateji tərəfdaşlığı təmin edə bilməsi nəticəsində bu şər ittifaqı məğlubiyyətə düçar oldu.
İkinci Qarabağ müharibəsindən əvvəl biz ermənilərə ölkəmizdə ən yüksək muxtariyyət statusu təklif edirdik, imtina etdilər, 44 günlük müharibədə məğlub oldular.
Sonra Azərbaycan vətəndaşlığını qəbul edərək, ölkəmizdə tam hüquqlu vətəndaş kimi yaşamalarını təklif etdik, imtina etdilər, bir günlük antiterror əməliyyatı ilə separatizmi məhv etdik. Bütün bunlardan sonra biz Ermənistana sülh, birgə əməkdaşlıq təklif etdik, amma yenə bəzi qüvvələrin dəstəyi ilə razılaşmayaraq, prosesi uzatmağa çalışırdılar. Amma indi “güvəndiyi dağların” hamısına qar yağıb. Rusiya Ukraynada bataqlığa düçar olub. İranın milyardlarla xərcləyərək qurduğu Yaxın Şərq və proksi siyasəti alt-üst oldu. Fransanın başı koloniyaları ilə, Afrika dövlətləri ilə dərddədir. Daha özünün iqtisadi imkanlarını taladığı xalqların hesabına təmin edə bilmir.
Ən əsası isə ABŞ-da hakimiyyətə Donald Tramp gəldi. Dünyanın bəzi ölkələri Trampın hakimiyyətə gəlişini sevinclə qarşılasa da, İran və Ermənistan kimi bəzi ölkələr çox kədərlənib. Birinci hakimiyyəti dövründə İrana qarşı sərt davranaraq, altılıq razılaşmasından çıxdı. İndi də gözlənilən odur ki, İrana qarşı kəskin addımlar atacaq. Eyni zamanda, Tramp Yaxın Şərqdə və Cənubi Qafqazda Türkiyənin siyasətini qəbul edəcək. Bu da müttəfiqimiz və qardaş ölkə Türkiyənin daha da güclənməsinə gətirəcək.
Ermənistanla bağlı məsələ odur ki, Tramp biznes adamıdır. Dövlət idarəçiliyinə də o prizmadan yanaşır. Amerikanı xərcə salan qüvvələrdən, layihələrdən, dövlətlərdən uzaq durmağa çalışır. Elə ona görə də xarici ölkələrin, fondların maliyyələşdirilməsi layihələrini dayandırdı. Həmçinin, Tramp Sorosun ideyalarını, layihələrini və “uşaqlarını” qəbul etmir. Dünyanı onlardan qurtaracağını bildirir. Bilirik ki, Ermənistan Baş naziri Paşinyan da sororçudur və onun dəstəyi ilə hakimiyyətə gəlib.
Yalçın Hacızadə
Dünyada yeni reallıqlar yaranıb və bu vəziyyət İran və Ermənistanın əleyhinədir. Bütün bunlara görə deyə bilərik ki, Ermənistan daha beynəlxalq dəstəyi əvvəlki kimi ala bilməyəcək. İran da daha çox beynəlxalq təzyiqlərlə üzləşəcək. Yəni həm dövlətimizin gücü, prinsipial siyasəti, həm də dünyada yaranmış yeni reallıqlar bu iki ölkənin bizimlə dostluq münasibəti qurmağa, bizə qarşı təxribatlarını dayandırmağa və bizim istəklərimizi yerinə yetirməyə məcbur edir”.
Safura Bənnayeva
Globalinfo.az