Fövqəladə Hallar Nazirliyi (FHN) Daşkəsəndəki ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirlikdən Globalinfo.az-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daşkəsən rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ural” markalı yanacaq daşıyan avtomobil dərəyə aşıb, 2 nəfər köməksiz vəziyyətdə qalıb.
“Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, – məlumatda qeyd olunub.
***
Daşkəsəndə yanacaqdaşıyan maşın aşıb, ölənlər var.
Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, yanacaqdaşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində 58 yaşlı Fəxrəddin Həsənov və 27 yaşlı Orxan Səmədov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.














