GSdsZkCWMAEP7II 1320x880 1

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi istefa verib.

Globalinfo.az xəbər verir ki, general-leytenant Halevi 2023-cü il oktyabrın 7-də Fələstin radikallarının hücumunu dəf edə bilməyən ordunun məsuliyyətini boynuna alıb.

“Mən İsrailin müdafiə naziri İsrael Katza məlumat verdim ki, 7 oktyabrda hadisələrindəki uğursuzluğa görə məsuliyyəti boynuma alıram. Ona görə də, vəzifəmi tərk edirəm”, – deyə Halevinin istefa məktubunda vurğulanıb.

Halevinin ardınca İsrail Müdafiə Qüvvələrinin Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman da istefa verib. Onun komandanlığının məsuliyyət zonasına İsrailin cənubundakı Qəzza zolağı ilə həmsərhəd ərazilər daxildir.

Finkelman 7 oktyabr 2023-cü il hadisələrinə də toxunub və həmin vaxt ordunun uğursuzluğuna görə məsuliyyətini etiraf edib.

“Bu uğursuzluq ömrümün sonuna qədər ürəyimdə qalacaq”, – deyə o bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu isə Qəzzadakı müharibə zamanı İsrail ordusuna rəhbərlik etdiyi üçün Haleviyə təşəkkür edib. Netanyahu və Halevi yaxın günlərdə görüşməyə razılaşıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: