Təyyarənin qəzaya uğradığı yerdə fövqəladə vəziyyət rejimi tətbiq edildi

Təyyarənin qəzaya uğradığı yerdə fövqəladə vəziyyət rejimi tətbiq edildi

Qazaxıstanın Tüpkaraqan rayon akimatının (yerli İcra Hakimiyyəti – red.) əmri ilə AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğradığı yerdə Fövqəladə Hallar Nazirliyinin kinologiya xidmətlərinin iştirakı ilə axtarış-xilasetmə işləri davam edir. Qəzanın nəticələrinin aradan qaldırılmasında 482 nəfər, 97 ədəd texnika, 2 təyyarə və 10 kinoloji briqada iştirak edir”, – Qazaxıstan FHN-dən bildirilib.

Qeyd olunur ki, FHN-in “Qaynar xətt”inə 571 müraciət daxil olub.

Videokonfrans vasitəsilə Qazaxıstan, Rusiya və Azərbaycan FHN-ləri arasında koordinasiya və məlumat mübadiləsi həyata keçirilir.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.