
Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayışda xəsarət alan şəxslərin vəziyyətləri açıqlanıb.
TƏBİB-dən Globalinfo.az-a verilən məlumata görə, hadisə ilə bağlı 4 nəfər (3-ü qadın cinsli, 1-i kişi cinsli) Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
***21:19
Xırdalanda yaşayış binasında güclü partlayış olub.
Globalinfo.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onbirmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən iki mənzilə və yaşayış binasının yaxınlığında park edilmiş 4 avtomobilə ziyan dəyib, dörd nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən xəsarət almış şəxslərin təxliyəsi, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.














