Bu gün səhər saatlarında Moskvanın Ryazanski prospektində rus general İqor Kirillovun ölümü ilə bağlı bəzi detallar məlum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Kirillov Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə (RKHBZ) rəisi olub və 2021-ci ildən Rusiyanın Əmək Qəhrəmanıdır. O, müxtəlif vaxtlarda Müdafiə Nazirliyi üçün brifinqlər keçirib və Rusiya ərazisində gözlənilən terror aktlarından danışıb. Bu gün də onun bənzər brifinqdə iştirakı gözlənilirdi. Ehtimal edilir ki, terror aktı general sözügedən brifinqə getmək üçün evdən çıxarkən baş verib.
Məlumata görə, kustar üsulla hazırlanmış partlayıcı qurğu elektrik skuterə bərkidilib və uzaqdan işə salınıb. Partlayış nəticəsində əraziyə səpələnmiş qəlpələr yaxınlıqdakı evin ilk üç mərtəbəsindəki şüşələri sındırıb, binanın üzlükləri və yaxınlıqdakı avtomobillərə ziyan dəyib.
Partlayıcının gücünün təxminən 200 qram trotil ekvivalentində olduğu qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az