thumbnail tdt susa 2

“Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı/Şuşa Forumu” iştirakçıları birgə bəyanat qəbul edib.

Globalinfo.az xəbər verir ki, bəyanatda deyilir:

“Biz – 20-21 dekabr, 2022-ci il tarixində Bakı və Şuşa şəhərlərində keçirilmiş “Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı/Şuşa Forumu”nun iştirakçıları “Şuşa ili”ndə dünya ictimaiyyətini Azərbaycanın mədəniyyət paytaxtında salamlamaqdan qürur duyuruq!

Forumda iştirak edən dövlətlər öz diasporlarının sıx birləşməsinə hər zaman töhfə veriblər. Türk Dövlətləri Təşkilatı çərçivəsində qəbul edilmiş Türk Diasporunun Birgə Fəaliyyət Strategiyasına uyğun olaraq keçirilən ikitərəfli, o cümlədən çoxtərəfli görüşlər, müxtəlif proqram və forumlar əlaqələrimizin daha da genişlənməsinə xidmət edib. Bu illər ərzində ümumi maraqların qorunması məqsədilə diaspor sahəsində imkanlar birləşdirilib, ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə birlik və həmrəylik nümayiş etdirilib.

Xüsusilə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin diasporlarının yaxınlaşması və əməkdaşlığı istiqamətində bir sıra mühüm addımlar atılıb: bütün türk diasporları üçün birgə fəaliyyət strategiyasının müəyyənləşdirilməsi ilə yanaşı, əksər üzv dövlətlərin diaspor işlərinə cavabdeh qurumları arasında memorandumlar imzalanıb, qurum rəhbərlərinin qarşılıqlı səfərləri və görüşləri keçirilib, Bakıda və Bursada üzv dövlətlərin diaspor qurumları arasında təcrübə mübadiləsi proqramları, Berlin və Nyu-Yorkda türk diasporları üçün potensialın gücləndirilməsi proqramları həyata keçirilib.

Dünyanın müxtəlif ölkələrindən diaspor təşkilatları, iş adamları, elm adamları və digərlərinin də iştirakı ilə Bakıda və Bursada Türk Diaspor Forumları keçirilib və illik birgə fəaliyyət planları ilə türk diasporlarına istiqamət vermək təcrübəsinin əsası qoyulub.

Bu zəmində 44 günlük müharibə zamanı türk dünyası tərəfindən göstərilən informasiya dəstəyi Azərbaycan həqiqətlərinin dünyada təbliği, Azərbaycana qarşı yönəlmiş təxribatların qarşısının alınmasında böyük rol oynayıb.

Azərbaycanın 44 günlük müharibə Zəfərindən sonra 2021-ci ilin iyun ayında Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi türk diasporlarının Birgə Fəaliyyət Strategiyası üçün yeni üfüqlər açıb.

Diasporlarımızın gələcək fəaliyyəti ilə bağlı mühüm əhəmiyyət kəsb edən proqram xarakterli sənəddə Türk Dövlətləri Təşkilatına üzv olan digər dövlətlərin də vahid diaspor hərəkatına qoşulması, əməkdaşlığın, həmrəyliyin inkişaf etdirilməsi ciddi vəzifələrdən biri kimi ortaya qoyulub. Türk dövlətlərinin ortaq diaspor siyasətinin inkişafı ilə bağlı həssaslığı Türk Dövlətləri Təşkilatının müvafiq olaraq 2021 və 2022-ci illərdə İstanbul və Səmərqənd Zirvə Görüşlərində qəbul edilmiş “Türk Dünyasına Baxış-2040” və “Strategiya 2022-2026” sənədlərində də öz əksini tapmışdır.

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün Səmərqənd Bəyannaməsi və burada qəbul edilmiş digər sənədlər qarşıya qoyulan mühüm məqsədlərə nail olmaq, xüsusilə dünyada yaşayan türklərin milli hüquqlarının müdafiəsi istiqamətində vahid diaspor hərəkatı çərçivəsində fəaliyyətimizi daha da sıx birləşdirmək üçün əlverişli şərait yaradır.

Türk dövlətləri rəhbərlərinin də vurğuladığı kimi, Zirvə Görüşü bütün türk dünyasını narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, yaşadıqları ölkədən asılı olmayaraq, Türk Dünyası ölkələrində yaşayan gənclərin məktəblərdə ana dilində təhsil almalarının zəruriliyi ilə ifadə olunan problemi Türk Dövlətləri Təşkilatının daim gündəmində olmalıdır. Təəssüf ki, bir çox türkdilli dövlətlərin hüdudlarından kənarda yaşayan türkdilli xalqlar bu imkanlardan məhrum ediliblər.

Bəyan edirik ki, 200 milyonluq Türk Dünyası geniş bir coğrafiyanı əhatə edən böyük bir ailədir. Biz bu ailənin üzvləri olaraq türk dünyasının birliyi məqsədinə sadiq qalacaq, milli maraqlarımız naminə bir-birimizə dəstək olmağa, həmrəyliyimizi gücləndirməyə və əməkdaşlığımızı genişləndirməyə davam edəcəyik!

Şuşa şəhəri, 21 Dekabr, 2022-ci il”.

***

“Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Forumu”nun ikinci günü ölkəmizin mədəniyyət paytaxtı Şuşada davam edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Diaspora Komitəsi məlumat yayıb.

Bildirilib ki, öncə Gəncə qapılarını və “Güllələnmiş heykəllər”i ziyarət edən qonaqlara şəhərdə aparılan yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat verilib.

Şuşadakı forum üzv dövlətlərin öz ərazilərində yaşayan və fəaliyyət göstərən iştirakçı dövlətlərin diasporlarının fəaliyyətinin qarşılıqlı tənzimlənməsi və koordinasiya məsələlərinin müzakirəsindən başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevin moderatorluğu ilə keçirilən forumun ikinci günündə Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov tədbir iştirakçılarına Şuşada aparılan abadlıq və bərpa-quruculuq işləri, eləcə də gələcək planlar barədə məlumat verib.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 200 milyonluq türk dünyasının bir araya gəlməsində diasporun mühüm rolunun olduğunu bildirib, komitənin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Forum iştirakçısı olan Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri diasporlar arasında ardıcıl və sistemli əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıblar.

Daha sonra 2023-cü ildə Türk Dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi təklif olunan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb, “Türk diasporu həftəsi”nin keçirilməsi təklif olunub.

Tədbir “Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı/Şuşa Forumu”nun iştirakçı qurumlarının birgə bəyanatının qəbul olunması ilə yekunlaşıb.

 

thumbnail tdt susa 3 thumbnail tdt susa 1

Paylaş: