Oktyabrın 24-də Rusiyanın Kazan şəhərində keçirilən BRİCS+ Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında olan görüş sülh danışıqları prosesi ilə bağlı təəssürat yaradıb. İddia edilir ki, danışıqlar Bakıda davam edə bilər. Ermənistan nümayəndələrinin COP29-da iştirak etməsi fonunda bu görüşün baş verə biləcəyi deyilir.
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, İrəvan Ermənistan nümayəndə heyətinin COP29-a qatılması ilə bağlı mövqeyini açıqlamayıb:
Elçin Mirzəbəyli
“Bu fakt yalnız təsdiq olunduqdan sonra sülh danışıqlarının Bakıda davam etdiriləcəyi ilə bağlı fikir söyləmək mümkündür. Digər tərəfdən, hətta Ermənistan nümayəndə heyəti dəvətə uyğun olaraq, xarici işlər naziri Ararat Mirzoyanın rəhbərliyi ilə Bakıya gələrsə, bu formatın özü danışıqların Kazandakı səviyyədə davam etdirilməsi üçün yetərli olmayacaq.
Belə bir səfər baş tutarsa, bu, sadəcə danışıqların davam etdiriləcəyi ilə bağlı hər iki tərəfin mövqeyinin növbəti dəfə ifadə olunmasına zəmin yarada bilər”.
Turan Rzayev
Globalinfo.az