ABŞ Prezidenti Cozef Baydenin Avropaya səfəri Qərb mətbuatının diqqətini yetəri qədər cəlb etməyib.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Politico” qəzeti çıxış edib.
Qəzet yazır ki, Bayden Avropada əsasən Fransa, Almaniya və Britaniya liderləri ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu Ukraynanın qələbə planı və Kiyevə dəstəyin davam etdirilməsi olub. Lakin nəşr qeyd edir ki, hazırkı vəziyyət nəzərə alınarsa, Baydenin Avropadakı görüşlərini “axsaq ördəklərin görüşü” adlandırmaq olar. Qəzet bu iddiasını həm Bayden, həm də Almaniya və Fransa liderlərinin reytinqlərinin kəskin aşağı olması əlaqələndirib.
Bununla belə, qəzet Bayden və avropalı liderlər arasındakı görüşlərdə Ukrayna üçün hansı nəticənin çıxdığı barədə yazmayıb. Həmçinin Kiyevə Qərbin dəstəyinin gələn ildən necə olacağı məsələsinə də aydınlıq gətirilməyib.
Maraqlı məqam isə Baydenin Avropaya həm də vidalaşmaq üçün gəlməsidir. Məsələ orasındadır ki, Bayden noyabrın əvvəlində ABŞ-da baş tutacaq seçkidə prezidentliyə namizəd deyil və əvəzində özünün dəstəklədiyi namizəd – vitse-prezident Kamala Harrisin də seçilmək imkanları hələlik sual altındadır. Bu isə hazırda iqtidar olan Demokratlar Partiyasının yürütdüyü kursun ən azı gələn ayın 4-dən sonra dəyişiləcəyi ehtimallarını artırır. Yaranan vəziyyət isə artıq 2 ildir dolayısı yolla Rusiya ilə Ukraynada döyüşən Avropanı pis vəziyyətdə qoyur. Daha dəqiq isə Avropanın Ukrayna strategiyasının gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırır.
Hətta Baydenin Avropaya gəlişi belə bu qeyri-müəyyənliyi yox etməyib. Məsələ orasındadır ki, Baydenin Avropa Birliyində görüşdüyü iki lider – Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun da düşdüyü situasiya amerikalı liderdən çox da fərqlənmir. Makron son parlament seçkisindən sonra çətin vəziyyətlə üz-üzədir. Mərkəzi təmsil edən qüvvələr öz yerlərini ya ultrasola, ya da ultrasağa güzəştə gediblər. Bunun təhlükəli tərəfi isə hər iki cinahı təmsil edən siyasi partiyaların ABŞ-ın təkbaşına hegemoniyası və Avropada təsiri, eləcə də Rusiyaya yanaşma məsələlərində bir-birindən 180 dərəcə fərqlənən baxışlara sahib olmamasıdır. Bu isə təkcə Makronu yox, öz növbəsində Bayden administrasiyasını narahat edir.
Şoltsa gəlincə isə həm Avropa Parlamentinə keçirilən seçkidə böyük fiaskoya uğraması, həm də yerli seçkilərdə partiyasının mövqeyini ultrasağçı Almaniya üçün Alternativ Partiyasına (AfD) uduzması onu çətin vəziyyətə salıb. Növbəti seçkidə Şoltsun partiyasının hakimiyyətini itirmək təhlükəsi yaranıb. Bunda isə hakim sosial demokratlar çıxış yolu axtarırlar.
Görünən odur ki, Baydenin Avropa səfəri təkcə Ukraynanın yox, ümumilikdə Qərbin gələcəyinin necə olacağına dair müzakirələr aparmaqdan ibarət olub. Ona isə Avropada hansı cavabın verildiyini təxmin etmək çətindir. Ən azından mövcud vəziyyət təkcə Qərbi yox, ümumilikdə Ukraynanı çox çətin vəziyyətə salır. Kiyev hazırda Rusiyanın qarşısında təkcə effektiv silah tədarükü və istifadəsi yox, eləcə də şəxsi heyət çatışmazlığı ilə üz-üzədir. Ukraynada da yaxşı başa düşürlər ki, şəxsi heyət çatışmazlığı təkcə ona ağır itkilərlə nəticələnməyəcək, bu həm də müharibədən sonra yaranacaq demoqrafik vəziyyətin çətinliyini də artıracaq. Ona görə də Zelenski indiki dönəmdə Rusiyanın işğal etdiyi əraziləri qaytarmaqdan daha çox, onun hücumlarının aktivliyini azaltmağa və müharibəni dayandırmaq üçün danışıqlar masasına əli güclü oturmağa çalışır. Bunun üçün isə Kiyevə Moskvanı çəkindirəcək alətlərə – daha dəqiq silahlara və ya Rusiyanın içində qorxu yaradacaq situasiyaya ehtiyac var. Belə alətin isə indiki dönəmdə Kiyevə veriləcəyi sual olaraq qalır. Ən azından Qərbdə heç kim Kiyevə veriləcək bu alətlərə Rusiyanın cavabının nə olacağını, eləcə də bu alətlərə Qərbin gələcəkdə necə nəzarət edəcəyini bilmir. Cavabı bilinməyən suala görə isə kimsə addım atmağa tələsmir. Bu da Qərbdə heç kim Ukrayna ilə bağlı qəti addımın məsuliyyətini üzərinə götürmək istəmədiyini deməyə imkan yaradır. Yəni Qərb dolayısı yolla İkinci Dünya müharibəsi ərəfəsində Qərb liderlərinin Almaniya və SSRİ ilə bağlı göstərdiyi zəifliyi yenidən təkrarlamış olur.
Həm Baydenin səfəri, həm Avropa və Amerikada yaranmış siyasi vəziyyət, həm də Qərbdəki iqtisadi durum artıq Ukrayna müharibəsinin dondurulması və ya ən azından onun bölünməsi məsələsini gündəmə gətirir. Görünür, Kiyevdə də Qərbin bu niyyətə daha çox meyilləndiyini anlayırlar və mövcud vəziyyətdə ən pislə pis arasında seçim etməyə çalışır, Qərbi də buna inandırmağa cəhd edirlər. Hər bir halda əgər bir neçə ay əvvəl həm Qərb mətbuatı, həm Kiyev Krımın azad olunması ilə bağlı Ukraynanın planlarından danışırdısa, indi yarımada, ümumiyyətlə, yaddan çıxıb. Əvəzində isə seçimin əldə olanları maksimum şəkildə qorumaqdan yana edildiyinə dair görüntü yaranır.
Ukraynanın qələbə planının Qərbdə nə dərəcə dəstəklənəcəyi və ya ona Rusiyanı çəkindirmək üçün nələr verəcəyi hələ də sual olaraq qalır. Qərb koalisiyasının növbəti görüşündə belə bu suallara qəti cavab veriləcəyi sual altındadır. Üstəlik, Qərbdəki koalisiyada hələ də Ukrayna müharibəsində Rusiyanın tam məğlubiyyətini istəyirlər, yoxsa istəmirlər sualına da veriləcək qəti cavab yoxdur. Çünki koalisiyadakı güclərin çoxu, məsələn, ABŞ Rusiyanın məğlubiyyətinin onu necə daxili böhranlara itələcəyi, bunun ölkədə parçalanma yaradacağı və Moskvanın nəzarətindəki nüvə silahlarının kiminsə əlinə keçib-keçməyəcəyinə əmin deyil. Bu da Ukrayna müharibəsinin yekunu ilə bağlı qeyri-müəyyənliyi gücləndirir.
Bütün hallarda Rusiya qədər Qərb də hazırda çətin vəziyyətdir və anlayır ki, atacağı addım dünyanın, eləcə də bölgənin gələcəyi ilə bağlı geridönüşü olmayan prosesləri başlada bilər.
Əliyar Xəlil
Globalinfo.az