Cənubi Koreya kəşfiyyatı Koreya Xalq Demokratik Respublikasının Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək üçün irimiqyaslı qoşun göndərdiyini iddia edib. Məlumata görə, Pxenyan Moskvaya 12 min əsgərdən ibarət dörd briqada yollayacaq.
Şimali Koreyanın əsgərlərinin bir qisminin artıq Rusiyanın Sergeyev poliqonuna yerləşdirildiyi bildirilir. Təlimlərdən sonra ordunun Ukraynaya qarşı döyüşlərə qatılacağı qeyd olunur.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiyanın işi getdikcə çətinləşir, gücü isə tükənir:
“Bu vəziyyət Moskva üçün əlavə dəstəyi zəruri edir. Belə bir vaxtda Kremlə yardım edə biləcək əsas güclərdən biri, şübhəsiz, Şimali Koreyadır. İndiki zamanda baş verən hadisələr sadəcə iki ölkə arasında müharibə kimi qiymətləndirilməməlidir.
Hazırda bütün dünyada sürətli qütbləşmə gedir. Bunun fonunda fərqli dövlətlər öz tərəflərini seçirlər. Rusiya, Çin, İran, Braziliya eyni qütbdə təmsil olunurlar: Şimali Koreya da bu sıradadır. O baxımdan Pxenyanın Rusiyaya qoşun göndərməsi təəccüblü olmamalıdır. Ümumiyyətlə, görünən odur ki, Ukraynadakı müharibə getdikcə qlobal xarakter alır”.
Turan Rzayev
Globalinfo.az