Məsud Pezeşkian Azərbaycandan üzr istəməlidir!

Məsud Pezeşkian Azərbaycandan üzr istəməlidir!

“Biz bundan öncə də, xüsusilə torpaqlarımızın işğal altında olduğu zamanlarda İranın dini-siyasi rəhbərlərinin Azərbaycana münasibətdə səsləndirdiyi dostluq, qardaşlıq mesajlarının şahidi olmuşuq. Ümid edək ki, Məsud Pezeşkianın ölkəmizlə bağlı müsbət mesajlarının arxasında əməli addımlar atmaq niyyəti dayanır”.

Bu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli deyib.

O bildirib ki, dövlətlərarası münasibətlər ümumi söz və bəyanatlarla deyil, əməli addımlar, hüquqi çəkisi olan birmənalı yanaşmalarla müəyyənləşir:

“İran prezidentinin “Azərbaycanla bağlı səhvlərimiz olub…” sözləri, şübhəsiz ki, diqqəti çəkir. Amma Pezeşkianın “səhvlər” dedikdə nələri nəzərdə tutduğu bəlli deyil. Mən Azərbaycan türkü Məsud Pezeşkianın İranın prezidenti seçilməsinə imkan yaradılmasına fərqli yanaşıram. Düşünürəm ki, bu həm də türk arealına məzhəb bölücülüyü daşınmasına xidmət edən bir strategiyadır.

Pezeşkian bizimlə eyni dildə danışa, eyni mədəniyyətin daşıyıcısı olduğunu görüntüləyə, Məhəmməd Hüseyn Şəhriyarın şeirini deyib kövrələ, Rəşid Behbudovun “Azərbaycan” mahnısını seçki marafonunun elementinə çevirə bilər. Bütün bunlar biz Azərbaycan türkləri tərəfindən emosional şəkildə qəbul olunurdusa, bu gün siyasi texnologiya elementi kimi qarşılanır. Bu səbəbdən də səhvləri, onların mahiyyətinə aydınlıq gətirmədən etiraf etməkdənsə, səhvlərin aradan qaldırılması istiqamətində addımlar atılmasını zəruri hesab edirəm.

Məsud Pezeşkian Azərbaycandan üzr istəməlidir!

Elçin Mirzəbəyli

Qoy hörmətli Məsud Pezeşkian Ermənistan sərhədlərinin və ərazi bütövlüyünün “toxunulmazlığı” ilə bağlı bəzi İran siyasətçilərinin “tumanbağı”na çevrilmiş “qırmızı xətt” səfsəfələrinə aydınlıq gətirsin və bəyan etsin ki, Ermənistan müsəlman azərbaycanlılara qarşı həyata keçirdiyi bütün cinayətlərə görə cavab verməli, təzminat ödəməlidir. Qoy İran prezidenti sərhədlərin dəyişdirilməsinin yolverilməz olması ilə yanaşı, Qərbi azərbaycanlıların öz tarixi yurd yerlərinə qayıdışının zəruriliyini dilə gətirsin, Azərbaycan türklərinə məxsus mədəniyyətin izlərinin indiki Ermənistan ərazisindən silindiyini və bərpa edilməsinin vacibliyini bəyan etsin.

Azərbaycan torpaqlarının işğalı və işğal altında saxlandığı dövrdə İranın Ermənistana verdiyi dəstəyin xəyanət olduğunu bildirsin və buna görə dövləti adından üzr istəsin. Əgər bütün bunlar baş verərsə, Məsud Pezeşkianın bəyanatlarının səmimiliyinə inanmaq olar”.

Turan Rzayev
Globalinfo.az