“Azərbaycan xalqı Konstitusiyanı qəbul edərkən ümumbəşəri dəyərlərə sadiq şəkildə bütün dünya xalqları ilə dostluq, sülh və əmin amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi özünün ali niyyətlərindən biri kimi müəyyən edib”.
Bu sözləri Globalinfo.az-a deputat Bəhruz Məhərrəmov Azərbaycanın dünya birliyinə inteqrasiyası, eləcə də digər dövlətlərlə, təşkilatlarla əməkdaşlığının inkişafı haqda danışarkən deyib.
O qeyd edib ki, müstəqilliyin ilk illərində hakimiyyətdə naşı və antimilli ünsürlərin olması, xarici siyasət prinsiplərindən və beynəlxalq hüquq qaydalarından tam məlumatsız şəxslərin dövlət iyerarxiyasında yer tutması Azərbaycan Respublikasının beynəlxalq münasibətlərinin qurulmasında ciddi əngələ çevirilib, ölkəmiz yaxın qonşularımız da başda olmaqla bir sıra dövlətlərlə beynəlxalq müstəvidə ciddi problemlərlə qarşılaşmışdı:
“Hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü Azərbaycan-Rusiya, Azərbaycan-İran münasibətlərini, Azərbaycanla Özbəkistan arasında tarixən mövcud olmuş və Ulu Öndər Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərliyi periodunda ən ali səviyyəyə qədər yüksəlmiş münasibətləri belə darmadağın etmişdilər. Lakin Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə gəlişi vəziyyəti köklü formada dəyişdi. Beynəlxalq münasibətlərin qurulması, müxtəlif platformalarda birgə hərəkət imkanlarının yaradılması istiqamətində qəti və ciddi səylər ortaya qoyuldu. Azərbaycan özünü beynəlxalq cəmiyyətin ləyaqətli üzvü, hörmət edilən qlobal subyekt kimi təsdiq edə bildi. Məhz Ulu Öndərin hakimiyyəti illərində Azərbaycan Respublikası bir çox regional və beynəlxalq mexanizmlərin iştirakçısına çevirildi, ümumbəşəri məsələlərlə bağlı fikir və söz sahibi olaraq çıxış etməyə başladı. Cənab İlham Əliyevin hakimiyyəti illərində isə Azərbaycanın siyasi müstəqilliyini tam şəkildə möhkəmləndirməsi, iqtisadi müstəqilliyini bərqərar etməsi fonunda Azərbaycanın dünya birliyindəki mövqeyi daha da möhkəmləndi. Xüsusən çoxşaxəli xarici siyasət kursu aydın və korrekt diplomatik istiqamətlər, habelə Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxırılması istiqamətində tarixi bir mərhələnin başlaması fonunda Azərbaycan qlobal siyasətdə mövqe sahibi kimi tanınmağa başladı”.
Deputat deyib ki, Azərbaycan son 20 ildə qlobal təhlükəsizlik konfiqurasiyasında önəmli mövqe tutub:
“Azərbaycanın bir çox dövlətlərin enerji və milli təhlükəsizliyində həlledici subyektə çevirilməsi zamanında reallışdırılan çoxsaylı qlobal miqyaslı infrasturuktur layihələrini işə salıb. Bundan başqa, Cənubi Qafqaz kimi həssas coğrafiyanı özünün dividentinə çevirə bilməsi, milli maraqlarımızın beynəlxalq hüquq qaydalarını rəhbər tutulmaqla tarixin heç bir dövründə olmadığı qədər əminliklə təmin edilməsinə və beynəlxalq birliyin məsuliyyətli üzvü kimi qlobal sülh və sabitliyə töhvə verən dövlət kimi çıxış etməyə başladı. Cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığında Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində qələbəsi ilə regionda yaratdığı yeni geosiyasi konfiqurasiya isə beynəlxalq aləmdə Azərbaycana baxış rakursunu köklü surətdə dəyişdi. Azərbaycan artıq beynəlxalq birliyin yalnız məsuliyyətli üzvü yox, həm də müstəqil siyasi və iqtisadi kursa malik, özü regional və qlobal müstəvidə gündəlik müəyyən edə bilən sabit və əzmli mövqeyini təsdiq edə bildi”.
Bəhruz Məhərrəmov
B.Məhərrəmov qeyd edib ki, Azərbaycan artıq beynəlxalq birliyin yalnız məsuliyyətli üzvü yox, həm də müstəqil, siyasi və iqtisadi kursa malik, özü regional və qlobal müstəvidə gündəlik müəyyən edə bilən sabit və əzmli mövqeyini təsdiq edə bildi:
“İşğala, təcavüzə, separatizmə son qoyub, özünün ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və suveren haqlarını tam bərqərar etməklə, Azərbaycan regionda hərbi-siyasi yolla yeni və milli mənafeləri tam təmin edən status-kvo yarada bilən yeganə dövlət kimi özünü təsdiq etdi. Bu gün artıq inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanın xarici siyasət kursu tam aydın və korrekt istiqamətlərə malikdir. Bu ilin fevralın 14-də baş tutmuş andiçmə mərasimdəki tarixi çıxışında ölkə başçısı xarici siyasət prioritetlərimizi bir daha bəyan etmiş, bu istiqamətdə kifayət qədər aydın yol xəritəsi müəyyənləşdirmişdi. Bu gün Azərbaycan Prezidentinin yaratdığı geosiyasi reallıq və hərbi-siyasi imkanlarımız bizə şərait yaradır ki, hər kəslə öz başa düşdüyü dildə danışa bilək. Təsadüfi deyil ki, son bir neçə ildə Azərbaycan Respublikası regionda təcavüzkar məqsədlərlə daxil olmağa çalışan çoxsaylı beynəlxalq subyektlərə layiqli cavab verib. Həmçinin özünü beynəlxalq ictimaiyyət kimi təqdim edən imperialist dairələrin alətinə çevirilmiş çoxsaylı təsisatlarla bağlı mövqeyini açıq şəkildə bəyan edib”.
Deputat deyib ki, biz beynəlxalq əməkdaşlığın genişləndirilməsində və xalqların, dövlətlərin əməkdaşlığının dərinləşdirilməsində çox maraqlıyıq, lakin dövlət başçımızın da ifadə etdiyi kimi, tərəfdaşlıqlar birtərəfli ola bilməz:
“Bu mənada regiona sağlam niyyətlərlə yanaşan, Azərbaycan Respublikası ilə bərabərhüquqlu tərəfdaşlıqda maraqlı olan hər kəs üçün qapılarımız açıqdır. Azərbaycan ən azı son 4 ildə iki böyük hərbi-siyasi qələbəsi, habelə beynəlxalq müstəvidə Ermənistanın və onun çoxsaylı havadarlarının, o cümlədən Fransanın üzərində ciddi diplomatik qələbələri ilə sübut edib ki, İlham Əliyevin ifadə etdiyi kimi, “heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz”.
Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Mövzu: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Zaira Akifqızı
Globalinfo.az