Azərbaycan Prezidenti İlham Əliyevin son günlər Qərbi tənqid etməsi diqqət çəkir. Bir çox xarici dairələr, həmçinin Qərbin ölkəmizdəki maraq qrupları ölkə başçısının açıqlamalarını qərəzli şəkildə şərh edirlər.
Radikal müxalifət və xaricdən yayımlanan Yutub kanalları iddia edirlər ki, Azərbaycan Rusiya ilə yaxınlaşdığı üçün ABŞ və Aİ-ni “vurur”. Ekspertlər isə iddia edir ki, rəsmi Bakı sadəcə Qərbin Azərbaycana qarşı haqsız mövqeyi və Ermənistanı silahlandırmasına etiraz edir.
Vaşinqton-Bakı, Brüssel-Bakı gərginliyi səngimir. Proses hara qədər davam edəcək?
Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Avropada oturub bizə qarşı informasiya müharibəsi aparanlar bizdən olub biz olmayanlardır:
“Onlar qlobal imperializmin Azərbaycana qarşı başlatdığı hibrid müharibənin komponentləri kimi çıxış edirlər. Qərb milli dövlətlərə qarşı təzyiq rıçaqlarını itirdikdə məsələlərə müdaxilə edir. Əsasən o siyasi liderlərin fəaliyyətinə, qətiyyətinə, mövqeyinə, işinə müdaxilə edir ki, milli iradəni təmsil, müdafiə edir.

Hikmət Babaoğlu
Bu gün Azərbaycan Prezidenti bütün Qərb güc mərkəzlərinə qarşı böyük tarixi zəfəri əldə etməyi bacardı. Xalqımızın bütün gücünü, milli komponentlərini səfərbər edərək ilk dəfə qlobal imperializmin siyasətinin əleyhinə olaraq müstəqil qərar qəbul etdi. Bununla da Azərbaycan xalqı tarixi zəfər əldə etdi.
Prezident İlham Əliyevə qarşı təzyiqlər həm də Azərbaycana qarşı təzyiqlərdir. Ona görə də hazırda Qərb bizə qarşı belə bir müharibə metodu istifadə edir. Yəni başqa cür desək, bizimkiləri bizə qarşı piyon olaraq irəli sürür. Bu, iyrənc vəziyyətdir. Kim milli maraqlarımız uğrunda mübarizədə yanımızda deyil, Qərbin yanındadırsa, onlar bizdən deyil. Bunun sınaqdan keçirilməsinin doğru-yanlış olub-olmadığını müəyyən etməyin çox sadə yolu var.
Ermənistan-Azərbaycan sərhədində qaldırılmış səlibçi bayrağı
Məlum olduğu kimi, bir neçə gün öncə Ermənistan-Azərbaycan şərti dövlət sərhədində Aİ-nin nümayəndələri monitorinq həyata keçirdilər. Monitorinq zamanı isə sərhəddə üzərində səlibçi xaçı olan Ermənistan bayrağı qaldırdılar. Bizə qarşı Avropada oturub mübarizə aparanlar əslində bu xaça xidmət edirlər. Buna görə də bu əsla qəbul edilə bilməz”.
H.Babaoğlunun sözlərinə görə, Azərbaycan Prezidentinin 2003-cü ildən başlayan mübarizəsi göstərdi ki, 44 günlük savaşı qazanmaq üçün 20 il xərcləmək lazım idi:
“O zamanı xərcləməklə bərabər səmərəli istifadə etmək də lazım idi. Azərbaycan Prezidenti öz xalqı ilə bunu bacarmış siyasi liderdir. Ona görə də belə liderləri Qərb sevmir. Bu gün də islamofob-imperialist mərkəzlər tərəfindən qəbul görmür. Azərbaycan Prezidenti prezidentlik dövründə keçmiş Qarabağ münaqişəsinin həllini istəməyən, status-kvonu qorumaq istəyən qüvvələrə qarşı savaş başlatdı və sonda da qalib oldu.
Türkiyə və Ermənistan arasında Zürix protokollarının imzalanması
2009-cu ildə Azərbaycanın müttəfiqlərini yanına çəkərək Zürix protokollarını imzaltmaq istədilər. Bundan başqa, 2016-cı ildə (Aprel döyüşləri zamanı) Azərbaycanın iradəsinin ortaya qoyulması fonunda bizə təzyiq edilməyə çalışıldı, lakin nəticəsiz qaldı.
Biz hüquqi, demokratik yollarla mübarizə aprırıq. Bunun üçün müvafiq qanunlar qəbul edilir, vətəndaş cəmiyyəti institutları gücləndirilir. Hesab edirəm, proses davam etməlidir”.
Turan Rzayev
Globalinfo.az