Ermənistan Prezidenti Vaaqn Xaçatryanın nüfuzlu “Reuters” agentliyinə müsahibəsində sülh prosesi ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkib. O, İrəvanın qarşıdan gələn dörd həftə ərzində Azərbaycanla sülh müqaviləsini imzalamağa ümid etdiyini bildirib.
Nəşr növbəti aylarda eskalasiyanın başvermə riskinin artdığını yazıb. Bəzi xarici ekspertlərin fikrincə, sülh müqaviləsinin COP29-a kimi imzalanması hərbi münaqişə ehtimallarının qarşısının alınması üçün zəruridir.
Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Ermənistan sülh müqaviləsini sürətli şəkildə imzalamaq istəyir:
“Bu, İrəvanın ilk belə açıqlaması deyil. Biz dəfələrlə müxtəlif yüksəkrütbəli erməni rəsmilərindən bənzər fikirlər eşitmişik. Mövcud situasiyada əsas məqam müqavilənin razılaşdırılmış maddələr üzrə tez zamanda imzalanması təklifinin Ermənistanın Baş naziri Nikol Paşinyanın, yoxsa qərbli havadarlarının istəyi olmasının aydınlaşdırılmasıdır.

Turab Rzayev
Əslində, bu gün erməni rəsmilərin sülhlə bağlı səsləndirdiyi fikirlər daha çox ABŞ-ın maraqlarını əks etdirir. Vaşinqton üçün kiçik detalların əhəmiyyəti yoxdur və israrla Bakı və İrəvan arasında razılaşmanın əldə olunmasına çalışır. ABŞ əslində sülh müqaviləsi fonunda Rusiyanı Cənubi Qafqazdan tam çıxarıb, regiona özü yerləşməyi hədəfləyir. Yəni sülhün pərdəarxasında Ağ Evin imperialist maraqları var”.
“Paşinyan özü də sülh müqaviləsini imzalamaq istəyir. O, bununla Ermənistan dövlətini qorumağa çalışdığını iddia edir. Baş nazir sazişin öz reallıqlarına uyğun şəkildə razılaşdırılmasına cəhd göstərir. Bu isə Bakının tələbləri ilə uzlaşmır”, – politoloq bildirib.
Qeyd edək ki, rəsmi İrəvan Bakıya sülh müqaviləsinin razılaşdırılmış 16 maddə üzrə imzalanması, qalan 3 məsələnin sonraya saxlanılmasını təklif edib. Azərbaycan tərəfi isə mübahisəli maddələrin çıxarılması ilə sənədin rəsmiləşdirilməsini rədd etdiyini açıqlayıb.
Turan Rzayev
Globalinfo.az














