Rusiya Baş naziri Mixail Mişustin Ermənistanda səfərdədir. O, Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.
Xatırladaq ki, sentyabrın 13-də Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İrəvanda Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan ilə birlikdə keçirdikləri görüşündə deyib ki, 2024-cü ildə Ermənistan və Rusiya arasındakı ticarət dövriyyəsi 14-16 milyard ABŞ dolları arasında dəyişə bilər. Bu da 2020-ci ilin analoji göstəricisindən (2,3 milyard ABŞ dolları) altı dəfə çoxdur.
Rusiya-Ermənistan münasibətləri normallaşır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Ermənistanda hazırda böyük miqdarda vəsait yoxdur:
“Rusiyanın da bu qədər çox maddi vəsaitinin olduğunu düşünmürəm. Məsələ saxta alış-verişdir. Rusiyanın ayağı Qərbdən kəsildikdən sonra özünə lazım olan müxtəlif hərbi materialları Ermənistan vasitəsilə Qərbdən alır. Ermənistan guya özü üçün aldığı həmin vasitələrin üzərinə bir qədər də faiz qoyub Rusiyaya satır. Ona görə də iki ölkə arasındakı münasibətlər inkişaf edir. Son zamanlar Ermənistan-Rusiya münasibətləri də yaxşılaşmağa başlayıb”.
Qabil Hüseynli
Politoloqun sözlərinə görə, Ermənistanın uzun müddət antirus mövqe nümayiş etdirməsinin bu məsələ ilə aidiyyəti yoxdur:
“Ermənilərə pul ver, belinə min. Ermənistan Rusiya ilə ticarət hesabına milyardlar qazanır. Rəsmi İrəvanın keçənilki iqtisadi artımı ilə builki iqtisadi artımını müqayisə etsək görərik ki, təxminən 8-10 dəfə artıb. Hər hansı ölkənin bir il ərzində iqtisadiyyatının bu qədər çox artması qeyri-mümkün haldır. Göründüyü kimi, saxta siyasət hesabına Ermənistan Rusiyadan qopardığı məhsulları öz inkişafı üçün istifadə edir”.
Safura Bənnayeva
Globalinfo.az