Sentyabrın 11-də ABŞ Konqresinin Helsinki Komitəsində Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib.
Globalinfo.az xəbər verir ki, müzakirəyə qatılan konqresmenlər sırasında erməni lobbisi ilə yaxından əməkdaşlıq edənlər də olub.
Bir neçə ay öncə Ermənistanı ziyarət edən ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Ben Kardin də onlardan biridir. Kardin Azərbaycanı sülh müqaviləsini imzalamamaqda ittiham edib və Bakının tələbi ilə Ermənistan konstitusiyasının dəyişdirilməsinə ehtiyacın olmadığını bildirib. O, Azərbaycanla Ermənistan arasında iki ildir müzakirə edilən sülh müqaviləsi mətninin də guya ədalətsiz olduğunu iddia edib.
Konqresdə baş tutan müzakirədə digər konqresmenlər və ekspertlər Azərbaycanla Türkiyənin Ermənistana bəzi məsələlərdə güzəştə getməli olduğunu bildiriblər.
Erməniyönlü senator Ben Kardin Rusiyanın regionda iki ölkənin barışmasına kulis arxasından maneələr yaratdığını söyləyib. Daha sonra Konqresə dəvət edilən erməni ekspert Tiqran Qriqoryan Azərbaycana bəzi sanksiyaların tətbiqini təklif edib. Buna cavab olaraq ilə müzakirədə iştirak edən bəzi konqresmenlər, xüsusilə respublikaçılar Azərbaycan və Türkiyənin ABŞ-ın regionda etibarlı müttəfiqi olduqlarını deyiblər.
Görüşün sonunda isə iştirakçılar Vaşinqtonun İrəvana dəstək göstərməli olduğu qənaətinə gəliblər. Maraqlıdır ki, bundan bir neçə saat sonra ABŞ hökuməti USAİD vasitəsilə Ermənistana yardımın 2 dəfə artırılaraq 250 milyon dollara çatdırılacağını açıqlayıb.
Qeyd edək ki, Helsinki Komitəsi 45 il öncə Avropada tərəfdaşlıq və təhlükəsizliyin monitorinqi üçün yaradılıb. Komitə real qərarverici imkana sahib deyil, amma onun tövsiyələri ABŞ siyasətinin hazırlanmasında müəyyən qədər təsiredici ola bilir.
Əliyar Xəlil
Globalinfo.az