
Volqoqrad vilayətindəki 19 saylı koloniyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürən məhbuslar bunu bu il aprelin 3-də “Krocus Sity Holl”a hücum edən terrorçuların qisasını almaq istəyi ilə əlaqələndiriblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, Volqoqrad vilayətindəki tacik diasporunun rəhbəri Səidəhməd Məhmədov terrorçularla danışıqlara gedib. Regionda İctimai Nəzarət Komissiyasının üzvü Vadim Çerednik də vəziyyətdən asılı olaraq danışıqlarda iştirak edə bilər.
Daha əvvəl Volqoqrad məscidinin din xadiminin koloniyaya getdiyi məlum olsa da, onu hələ danışıqlara cəlb etməmək qərarına gəliblər.
Məlumata görə, zərərçəkənlərdən ikisinin vəziyyəti ağır, daha ikisinin vəziyyəti isə orta ağırdır.
***16:10
Volqoqradda istintaq təcridxanasında vəziyyətlə bağlı Rusiya Prezidenti Vladimir Putinə məruzə edilib.
Globalinfo.az xəbər verir ki, Federal Penitensiar Xidmətin rəhbəri Putinə 19 saylı Volqoqrad koloniyasındakı vəziyyətlə bağlı məruzə edib.
RF Prezidenti Daxili İşlər Nazirliyinin, Rusiya Milli Qvardiyasının rəhbərlərinin və digər təhlükəsizlik rəsmilərinin Volqoqrad koloniyasındakı vəziyyətlə bağlı məruzələrini dinləyəcək.
***15:39
Rusiyanın Volqoqrad vilayətinin Surovikin şəhərindəki 19 saylı Cəzaçəkmə Müəssisəsini ələ keçirməkdə şübhəli bilinən şəxslərin adları məlum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Bunlar Özbəkistan əsilli Temur Xusinov (qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib), Özbəkistan əsilli Ramzidin Toşev (narkotik satışı maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum edilib) və Tacikistan əsilli Rüstəmçan Navruzidir (narkotik satışı maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib) .
Qeyd edək ki, bu gün Volqoqrad vilayətindəki 19 saylı Cəzaçəkmə Müəssisəsinin dustaqları qiyam qaldırıblar.
***15:06
Rusiyanın Volqoqrad vilayətində radikal islamçılar tərəfindən cəzaçəkmə müəssisəsində törədilən insidentin təfərrüatları məlum olub.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, müəssisədə özlərini İŞİD üzvü kimi təqdim edən bir neçə məhbus penitensiar xidmətin üç əməkdaşını öldürüb, bir neçəsini isə giröv götürüb.
“Mash” teleqram kanalı üç nəfərin öldüyü görüntülənən video yayıb.
Bildirilib ki, müəssisə əməkdaşlarını öldürən radikallar 2 milyon dollar və helikopter tələb edirlər.
Cəzaçəkmə Müəssisəsinin rəisi Andrey Devyatov da girov götürülənlər arasında olub, lakin qaça bilib. Devyatovun hazırda reanimasiyada olduğu açıqlanıb.
Məlum olub ki, koloniyada insident intizam komissiyasının iclası keçirilən zaman baş verib. Bu barədə Federal Penitensiar Xidmət məlumat yayıb.
Hazırda girovların azad edilməsi istiqamətində işlər aparılır, hadisə yerinə xüsusi təyinatlılar gəlib.
Ümumilikdə, koloniyada 1230 məhbusun cəza çəkdiyi bildirilir.
***14:56
Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı təcridxananın dustaqları qiyam qaldırıblar.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidməti məlumat yayıb.
Məlumata görə, dustaqlar qiyam zamanı girovlar götürüblər. Həbsxananın rəisi 45 yaşlı Andrey Devyatov qiyamçılar tərəfindən girov saxlanılır.
Federal Penitensiar Xidmətin 1 əməkdaşı öldürülüb, daha 3 nəfər isə ağır yaralanıb.
***
“Baza” Teleqram kanalının məlumatına görə, öldürülənlərin sayı 3-ə çatıb. Həbsxana rəisi Andrey Devyatov ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Qiyamçılar iki milyon dollar və helikopter tələb ediblər.














